Bakı. Trend:
Yaxın Şərqdəki davam edən gərginlik, qlobal maliyyə bazarlarında narahatlıq yaratmış və investorları daha etibarlı hesab olunan aktivlərə yönəltmişdir. Bu şəraitdə qiymətli metallar, xüsusilə qızıl və gümüş ön plana çıxır. Bununla belə, bazarda baş verən prosesləri yalnız geosiyasi amillərlə izah etmək düzgün olmaz. Mövcud vəziyyət göstərir ki, qiymət dinamikasına eyni vaxtda bir neçə amil təsir göstərir.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, son günlər qlobal maliyyə və əmtəə bazarlarında müşahidə olunan əsas tendensiyalardan biri qızıl və neft qiymətlərinin fərqli amillərin təsiri altında formalaşmasıdır: “Hər iki aktiv üzrə artım qeydə alınsa da, bu yüksəlişin arxasında dayanan səbəblər fərqlidir. Neft bazarında qiymət dinamikasına əsasən təchizat riskləri və operativ xəbər axını təsir göstərir. Qızıl isə geosiyasi qeyri-müəyyənliyin gücləndiyi şəraitdə investorların daha etibarlı aktivlərə yönəlməsi nəticəsində dəstək qazanır”.
Mütəxəssis vurğulayıb ki, qızıl qiymətlərində müşahidə olunan yüksəliş yalnız geosiyasi gərginliklə bağlı deyil: “Bu prosesə dolların məzənnə dinamikası, faiz dərəcələri ilə bağlı gözləntilər və enerji bazarında baş verən dəyişikliklər də ciddi təsir göstərir. Enerji qiymətlərində geriləmə inflyasiya təzyiqlərinin zəifləyə biləcəyi ilə bağlı gözləntiləri gücləndirir. Bu isə öz növbəsində mərkəzi bankların daha sərt monetar siyasət yürütməsi ilə bağlı bazar gözləntilərinin müəyyən qədər yumşalmasına səbəb olur. Gəlir gətirməyən aktiv kimi qızıl üçün belə mühit adətən əlavə dəstək yaradır. Nəticə etibarilə, hazırkı şəraitdə bazar iştirakçıları qızıla həm geosiyasi risklərdən qorunma aləti, həm də maliyyə şərtlərinin nisbətən yumşalması ehtimalı fonunda üstünlük verirlər”.
R. Əmircanov qeyd edib ki, bu kontekstdə Hörmüz boğazı xüsusi strateji əhəmiyyət daşıyır: “Sözügedən marşrut qlobal enerji təchizatı sisteminin əsas dayaq nöqtələrindən biri hesab olunur. Həmin xətt üzrə yarana biləcək hər hansı ciddi fasilə və ya riskin artması enerji bazarlarında qiymət təzyiqlərini gücləndirə, bununla yanaşı əmtəə bazarlarında da əlavə gərginlik yarada bilər. Belə inkişaf qızılın qiymətinə əlavə dəstək verən amillərdən biri kimi çıxış edə bilər. Bu səbəbdən investorlar regionda baş verən prosesləri yalnız siyasi hadisə kimi deyil, həm də bazar dinamikasına birbaşa təsir göstərən risk amili kimi qiymətləndirirlər”.

Mütəxəssisin sözlərinə görə, hazırkı mərhələdə qızıl bazarında iki əsas istiqamət formalaşır: “Bir tərəfdə geosiyasi risklərdən qaynaqlanan qoruyucu tələbat dayanır. Digər tərəfdə isə enerji qiymətlərindəki dəyişikliklər, inflyasiya gözləntiləri və faiz siyasəti yer alır. Bu amillər bəzən eyni istiqamətdə hərəkət edərək qızılın qiymətini yüksəldir, bəzən isə bazarda qısamüddətli tərəddüd yaradır”.
Yaxın dövrdə ən real ssenari qızılın geniş diapazonda dalğalanması kimi görünür. Əgər regionda gərginlik daha da dərinləşərsə, investorların etibarlı aktivlərə axını güclənə və qızıl yeni yüksəliş mərhələsinə keçə bilər. Əksinə, diplomatik yumşalma siqnalları artsa və enerji bazarındakı təzyiq azalsa, qızılda qısamüddətli geri çəkilmə mümkündür.
R. Əmircanov vurğulayıb ki, Azərbaycan bazarı üçün də bu proseslər birbaşa əhəmiyyət daşıyır: “Qlobal qızıl qiymətlərindəki artım zərgərlik məmulatlarının istehsal xərclərinə və daxili bazarda qiymət formalaşmasına birbaşa təsir göstərir. Xammal alışından asılı olan bazar iştirakçıları üçün risklərin idarə olunması daha da aktuallaşır. Daxili bazar üçün əsas risk yalnız bahalaşma deyil, həm də qiymətlərin qısa müddətdə kəskin dəyişməsi ehtimalıdır”.
O proqnozlara gəldikdə bildirib ki, yaxın dövrdə qızıl üçün əsas ssenari müsbət fonun qorunması, lakin bu fonun yüksək dəyişkənliklə müşayiət olunmasıdır: “Geosiyasi risklər davam etdikcə qızıl qoruyucu aktiv kimi aktuallığını saxlaya bilər. Bununla yanaşı, bazarda hər hansı yumşalma siqnalı qısamüddətli korreksiyalara da səbəb ola bilər.
Gümüşə gəldikdə isə, burada vəziyyət bir qədər fərqlidir. Gümüş çox vaxt qızılla eyni istiqamətdə hərəkət etsə də, bu bazar daha həssas hesab olunur. Bir tərəfdən, qiymətli metallara marağın artması gümüşə də dəstək verir. Digər tərəfdən isə onun sənaye metalı kimi rolu iqtisadi aktivliklə bağlı siqnallara daha kəskin reaksiya verməsinə səbəb olur. Bu baxımdan, gümüş həm qızılla paralel olaraq daha sürətli bahalaşa, həm də mənfi xəbər fonunda daha sərt geri çəkilə bilər”.
“Hazırda bazar üçün əsas məsələ qızılın bahalaşmasının davam edib-etməyəcəyi deyil. Əsas sual növbəti xəbər axınının qiymətlərdə yeni sıçrayış yaradıb-yaratmayacağı və ya bazarın qısamüddətli sabitləşmə mərhələsinə keçib-keçməyəcəyidir. Qızılın əsas üstünlüyü onun böhran dövrlərində daha etibarlı seçim kimi qəbul olunmasıdır. Gümüş isə daha çevik, daha həssas və daha dəyişkən aktiv olaraq qalır. Buna görə də yaxın dövrdə hər iki metala maraq yüksək olaraq qalsa da, həlledici amil yenə də bazara daxil olan xəbərlərin sürəti və xarakteri olacaq”, - R. Əmircanov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, London əmtəə bazarında hazırda qızılın bir unsiyası 5 140 –5 160 ABŞ dolları intervalında ticarət olunur. Gümüşün bir unsiyasının qiyməti isə 89 ABŞ dolları səviyyəsindədir.
Beynəlxalq bazarlarda qızılın qiymətinin artması daxili bazarda da öz təsirini göstərir. Hazırda pərakəndə satış seqmentində bütün əyar kateqoriyaları üzrə qızıl məmulatlarının qiymətlərində əvvəlki dövrlə müqayisədə yüksəliş müşahidə olunur.
Mövcud qiymətlərə əsasən, 585 əyarlı qızıl məmulatlarının satış qiyməti 200–240 manat, 750 əyarlı qızıl məmulatlarının satış qiyməti 260–300 manat, 999,9 əyarlı qızıl məmulatlarının satış qiyməti isə 300–340 manat arasında dəyişir.
