...

Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? - AÇIQLAMA

Cəmiyyət Materials 11 Mart 2026 19:45 (UTC +04:00)
Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“BakuBus” MMC-yə məxsus avtobuslarda bəzən sürücülərin sərnişinlərdən gedişhaqqının ödənilməsini israrla tələb etməsi diqqət çəkir. Bu isə sərnişinlər arasında belə bir sual yaradır: görəsən, ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulurmu?

Məsələ ilə bağlı “BakuBus” MMC-dən Trend-ə bildirilib ki, sərnişinlərin gedişhaqqını ödəmədən avtobusa daxil olması və ya hər hansı səbəbdən ödənişdən yayınması halları ilə bağlı sürücülərin maddi məsuliyyətə cəlb edilməsi və ya həmin məbləğin onların əməkhaqqından tutulması kimi bir tətbiq mövcud deyil.

“Şirkətin daxili siyasətində sərnişin tərəfindən törədilən qayda pozuntusuna görə sürücünün cərimələnməsi nəzərdə tutulmayıb. Avtobuslarda quraşdırılmış videomüşahidə sistemləri və sürücü kabinəsində yerləşən monitorlar sərnişin axınının izlənilməsi və təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Sürücü vəzifə təlimatına uyğun olaraq, gedişhaqqını ödəməyən sərnişinlərdən ön qapıdan daxil olaraq ödənişi həyata keçirmələrini xahiş edir. Bu yanaşma fərdi təşəbbüs deyil, sərnişindaşıma qaydalarının və maliyyə intizamının təmin olunmasına xidmət edən standart prosedurdur. Eyni zamanda qeyd edək ki, ödənişdən imtina halları və bununla bağlı yaranan mübahisəli vəziyyətlər marşrut xətti üzrə hərəkətdə gecikmələrə səbəb olur və digər sərnişinlərin vaxtında mənzil başına çatmasına mənfi təsir göstərir”, - deyə şirkətdən bildirilib.

MMC-dən qeyd edilib ki, bütün proseslər mərkəzləşdirilmiş kamera-müşahidə mərkəzi tərəfindən mütəmadi olaraq arxivləşdirilir və təhlil edilir.

“Avtobuslara ödəniş etmədən daxil olan sərnişinlərlər bağlı videomüşahidə sistemləri vasitəsilə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq şöbə tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”,- deyə “BakuBus” MMC-dən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti