Bakı. Trend:
2023-2025-ci illərdə film istehsalı üzrə xarici istehsalçılar tərəfindən ölkəyə təxminən 10 milyon ABŞ dolları həcmində vəsait cəlb olunub.
Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün Bakıda bp-nin maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) layihəsinin təqdimatında çıxışı zamanı deyib.
"Film istehsalı sahəsində 90% güzəştin tətbiqi bu sahədə investisiya riskini minimuma endirib. Proqnozlara əsasən, bu sahədə mövcud mexanizmlərin tətbiqi nəticəsində yaxın 3 il ərzində bu göstəricinin 50 milyon ABŞ dollarına çatması mümkündür", - o bildirib.
Nazir müavini qeyd edib ki, son üç ildə kinonun inkişafı ilə bağlı bir sıra vacib addımlar atılıb: "Belə ki, 2023-2025-ci illər ərzində dövlət dəstəyi ilə 71 film layihəsinin istehalına başlanılıb, onlardan 56 film layihəsi, o cümlədən 9 tammetrajlı bədii film istehsal olunaraq təqdim edilib. İstehsalı tamamlanmış filmlərin xüsusi çəkisi 79% təşkil edir. Bu məqsədlən 34 istehsalçı şirkətə 21 milyon manatdan artıq dövlət vəsaiti ayrılıb.
Son üç ildə imzalanmış müqavilələr çərçivəsində film istehsalına 9 milyon 538 min 652 manat məbləğində özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub".
