Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İtaliyanın Müdafiə naziri Quido Krozetto İraqın Ərbil şəhərində yerləşən İtaliya bazasına zərbə endirildiyini bəyan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İtaliyalı MN rəhbəri zərərçəkənlərin olmadığını təsdiqləyib.
“Raket Ərbildəki bazamıza düşüb. İtalyan personalı arasında ölən və ya yaralanan yoxdur. Hamı təhlükəsizlikdədir”, – ANSA agentliyi onun sözlərinə sitat gətirib.
İtaliyanın xarici işlər naziri isə dəqiqləşdirib ki, Ərbildəki İtaliya bazası digər ölkələrin bazalarını da əhatə edən kompleksin tərkibində yerləşir. “Zərbənin italiyalıları hədəf alıb-almadığını, yoxsa ümumilikdə bütün bu struktura yönəlib-yönəlmədiyini bilmirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, raketin İran ərazisindən buraxılıb-buraxılmadığı və ya İraqda fəaliyyət göstərən İranmeyilli qruplaşmalar tərəfindən atılıb-atılmadığı hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
