Bakı. Trend:
Parçalanmış və ziddiyyətlərlə dolu dünyada səhiyyə ölkələrin birləşə biləcəyi və birləşməli olduğu azsaylı sahələrdən biridir.
Trend xəbər verir ki, bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Parçalanmış və ixtilaflarla dolu dünyada səhiyyə ölkələrin ideoloji fərqlərinə baxmayaraq ümumi təhdidlərə qarşı birgə həll yolları tapılması üçün birləşə biləcəyi və birləşməli olduğu azsaylı sahələrdən biridir ki. Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatı təxminən 78 il əvvəl yaradılıb və üzv dövlətlərimiz onun himayəsi altında fəaliyyətlərini davam etdirirlər. Ötən il onlar ÜST-ün pandemiyalar üzrə sazişini qəbul etdilər. Bu saziş ratifikasiya olunduqdan sonra dünyanı gələcək pandemiyalardan qorumaq üçün beynəlxalq hüququn əlamətdar alətinə çevriləcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, səhiyyə təhlükəsizlik, inkişaf, ədalət və etimadın kəsişmə nöqtəsində yerləşərək parçalanmaların aradan qaldırılması üçün mühüm imkan yaradır. Bu sahə sərhədlərdən, ideologiyalardan, iqtisadi sistemlərdən, etnik mənsubiyyətdən, dinlərdən və digər fərqlərdən kənara çıxır.
