Vaşinqton. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda geotermal enerji potensialını araşdırır.
Bunu Trend-ə özəl müsahibəsində Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində SOCAR-ın vitse-prezidenti Əfqan İsayev deyib.
O qeyd edib ki, SOCAR ABŞ şirkətləri ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir.
“Bu əməkdaşlığın təməli 1994-cü ildə imzalanan və Azərbaycanın yeni neft strategiyasını müəyyənləşdirən “Əsrin Müqaviləsi” ilə qoyulub. Bu müqavilə Azərbaycanın neft-qaz sektorunun beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm təkan verməklə yanaşı, SOCAR ilə ABŞ şirkətləri arasında tərəfdaşlığın əsasını formalaşdırıb.
İlk dövrlərində bu əməkdaşlıq daha çox kəşfiyyat və hasilat fəaliyyətlərini əhatə edən “upstream” sahəsi ilə məhdudlaşırdı. Lakin, zaman keçdikcə ABŞ şirkətləri ilə əməkdaşlığın miqyası daha da genişlənərək neft-qaz əməliyyat zəncirinin bir çox sahələrini əhatə edib ”, - deyə Ə. İsayev bildirib.
O xatırladıb ki, “Əsrin Müqaviləsi” imzalanan zaman SOCAR-ın əməkdaşlıq etdiyi ilk ABŞ şirkətlərindən biri “ExxonMobil” şirkəti idi.
“Sözügedən şirkət ilə əməkdaşlıq əlaqələri neft-qaz hasilatı zamanı beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı bilik mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu əməkdaşlıq hazırda da uğurla davam etdirilir. Belə ki, 2024-cü ildə ABŞ-dƏ səfərdə olarkən “ExxonMobil” şirkəti ilə dekarbonizasiya üzrə strateji əməkdaşlıq mövzusunda yüksək səviyyəli görüşdə iştirak etmişəm. Görüş zamanı SOCAR ilə “ExxonMobil” şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. Həmçinin “ExxonMobil” şirkətinin karbon qazının tutulması və saxlanması (Carbon Capture and Storage - CCS) texnologiyası ilə tanış olmaq üçün layihə ərazisinə səfər etdim. Səfər zamanı “CCS” texnologiyasının real tətbiqi, prosesin idarə olunması və emissiyaların azaldılmasına təsiri ilə bağlı ətraflı məlumat əldə etdim. Onu da vurğulamaq istərdim ki, 2025-ci ildə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
Ə.İsayev vurğulayıb ki, neft-qaz əməliyyatları zamanı qabaqcıl texnologiyaların tətbiqi sahəsində SOCAR “SLB” və “Baker Hughes” kimi ABŞ şirkətləri ilə əməkdaşlıq edir.
“Eyni zamanda, SOCAR qeyd olunan şirkətlər ilə əməkdaşlıq
çərçivəsində Azərbaycanda bərpa
olunan enerji mənbələrinin inkişaf etdirilməsi məqsədilə geotermal
enerji potensialını araşdırır. Bundan əlavə əməliyyatların
modernləşdirilməsi, qabaqcıl idarəetmə sistemlərinin tətbiqi və
rəqəmsallaşdırma sahəsində ABŞ-nin “Honeywell” şirkəti ilə də
əməkdaşlıq əlaqələri qurulub. Neft-qaz əməliyyatları zamanı
dekarbonizasiya və uzunmüddətli dayanıqlılığın dəstəklənməsinə
yönəlmiş strateji təşəbbüslərin icrası istiqamətində SOCAR ABŞ-nin
“Boston Consulting Group” (BCG) şirkəti ilə sıx əməkdaşlıq
əlaqələrinə malikdir. “BCG” ilə tərəfdaşlıq çərçivəsində yaşıl
transformasiya layihələrinə dəstək məqsədilə “The C&S
Lighthouse” layihəsini həyata keçirmişik. Bu layihənin icrası
SOCAR-ın dekarbonizasiya hədəflərinə nail olması istiqamətində
mühüm töhfə verib”, - deyə o bildirib.
Ə.İsayevin sözlərinə görə, ümumilikdə, SOCAR ilə ABŞ şirkətləri arasında formalaşmış tərəfdaşlıq münasibətləri Azərbaycanın enerji sektorunun modernləşdirilməsinə, qabaqcıl texnologiyaların və mühəndislik həllərinin tətbiqinə, həmçinin rəqəmsallaşma və dekarbonizasiya təşəbbüslərinin inkişaf etdirilməsinə mühüm töhfə verir.
SOCAR-ın dekarbonizasiya hədəfləri
SOCAR-ın vitse-prezidenti bildirib ki, son zamanlar sənayenin sürətlə inkişafı ilə əlaqədar artan metan emissiyaları bütün dünyanı narahat edən əsas məsələlərdən biridir.
“Bu problemin həlli üçün dünya ölkələri, beynəlxalq şirkətlər, institutlar, vətəndaş cəmiyyətləri səfərbər olaraq, ciddi addımlar atırlar. SOCAR da bu istiqamətdə qlobal çağırışları nəzərə alaraq, özünün fəaliyyət sahələrində metan emissiyalarının azaldılması üçün məqsədyönlü addımlar atır. Şirkət fəaliyyət göstərdiyi bütün coğrafiyalarda neft-qaz əməliyyatları zamanı istixana qazı emissiyalarının azaldılmasını əsas prioritet kimi müəyyənləşdirmiş və COP28 zamanı özünün orta və uzun müddətli perspektivdə dekarbonizasiya hədəflərini elan edib.
Bunlara:
− 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırmanın sıfıra endirilməsi;
− 2022-ci ilin göstəricisi ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30% azaldılması (SOCAR-ın birbaşa aktivləri üzrə);
− 2022-ci ilin göstəricisi ilə müqayisədə 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30% və ümumi emissiyaların həcminin 20% azaldılması (SOCAR-ın birbaşa aktivləri üzrə);
− 2035-ci ilə qədər “Upstream” seqmentində sıfıra yaxın (0.2%-dən aşağı) metan hədəfi (SOCAR-ın birbaşa aktivləri üzrə);
− 2050-ci ilə qədər “Xalis Sıfır”a nail olmaq kimi iddialı hədəflər daxildir”, - deyə Ə. İsayev qeyd edib.
SOCAR-ın dekarbonizasiya layihələri
SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi əsas coğrafiyalarda istixana qazı emissiyalarının azaldılması məqsədilə dekarbonizasiya proqramına başlayıb.
“Proqram çərçivəsində dekarbonizasiya və yeni biznes istiqamətlərinin inkişaf etdirilməsinə yönəlmiş korporativ prosedurlar, idarəetmə alətləri və ixtisaslaşdırılmış təşkilati vahidlər yaradılıb. SOCAR özünün dekarbonizasiya hədəflərinə uyğun olaraq, emissiyaların davamlı şəkildə azaldılmasını əsas məqsədlərindən biri kimi müəyyən etmişdir. Bununla əlaqədar SOCAR-ın “upstream”, “midstream” və “downstream” fəaliyyət sahələrində emissiyaların azaldılması istiqamətində dekarbonizasiya layihələri icra olunmaqdadır.
Metan emissiyalarının azaldılmasını daim diqqət mərkəzində saxlayan SOCAR “Neft Daşları”nda genişmiqyaslı sızmaların aşkarlanması və aradan qaldırılması layihəsini ("Leak Detection and Repair" - LDAR) həyata keçirib. Layihə çərçivəsində əvvəllər inventarlaşdırılması mümkün olmayan emissiya mənbələri müəyyən edilib, bu mənbələrdən atılma həcmləri qiymətləndirilmiş və onların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Ölçmələr zamanı Optik Qaz Görüntü Kamerası (OGI), Yüksək Axınlı Nümunəgötürmə cihazı, həmçinin peyk və dron texnologiyalarından kompleks şəkildə istifadə edilib. Həyata keçirilmiş ölçmələr boru kəmərləri, quyular, kompressorlar, turbinlər, mühərriklər, çənlər və separatorlar da daxil olmaqla bütün əsas qurğuları əhatə edib”, - deyə o bildirib.
Ə. İsayev vurğulayıb ki, müasir texnologiyaların tətbiqi ilə emissiya inventarlaşdırılmasının aparılması, SOCAR-ın elan etdiyi dekarbonizasiya hədəflərinə çatması istiqamətində məqsədyönlü və məsuliyyətli fəaliyyətin, habelə bu sahədə şəffaf hesabatvermə təşəbbüslərinə töhfəsinin göstəricisidir.
“Bu prosesin davamı olaraq, SOCAR-ın digər aktivlərində də metan emissiyalarının aşkarlanması və qarşısının alınması məqsədilə genişmiqyaslı ölçmə işləri həyata keçirilməkdədir. 2025-ci ildə beynəlxalq məsləhətçi şirkət ilə tərəfdaşlıq çərçivəsində SOCAR-da metan emissiyalarının daha effektiv idarə olunması üçün süni intellektə əsaslanan “Methane AI” platforması yaradılıb. Sözügedən platformanın tətbiqi SOCAR-ın üzv olduğu “OGMP 2.0” təşəbbüsü, eləcə də digər beynəlxalq təşəbbüslərin hesabatlılıq tələblərinə uyğunluğun təmin edilməsinə xidmət edir. “Methane AI” platformasının üstünlüklərinə daxildir:
• Emissiyaların monitorinqi, hesabatlılığı və azaldılması üçün
mərkəzləşdirilmiş qabaqcıl platformadan istifadə olunması;
• Platforma vasitəsilə müəyyən olunan emissiya mənbələrinin daha
çevik qaydada qarşısının alınması;
• Peyk, dron və digər fərqli mənbələrdən əldə olunan emissiya
göstəricilərinin vahid platformaya inteqrasiyası;
• İnsan faktoru müdaxiləsini minimuma endirməklə emissiya
məlumatlarının daha dəqiq təhlil olunması;
• “OGMP 2.0” və digər beynəlxalq təşəbbüslərin hesabatlılıq
tələblərinə uyğunlaşmanın təmin edilməsi.
Bu platformadan istifadə etməklə 2025-ci ildə ilk dəfə “OGMP
2.0” təşəbbüsü ilə əlaqədar hesabatımızı beynəlxalq tələblərə uyğun
hazırlayaraq təqdim etdik. Sözügedən platformanın tətbiqi metan
emissiyalarına dair məlumatların idarə olunmasında vahid və
etibarlı rəqəmsal yanaşmanın formalaşdırılmasına mühüm
töhfə verib”, - SOCAR-ın vitse-prezidenti bildirib.
Ə.İsayev əlavə edib ki, qlobal iqlim gündəliyində hesabatlılıq və şəffaflıq əsas tələblərdən biri olduğu üçün emissiyaların sistemli və dəqiq idarə olunması xüsusi əhəmiyyət kəsb edir.
“Bu baxımdan emissiyalara dair məlumatların effektiv toplanması və rəqəmsal idarə olunması məqsədilə SOCAR-da qabaqcıl Ölçmə, Hesabatlılıq və Yoxlama (MRV) sistemi yaradılıb. Bu sistemin köməkliyi ilə insan faktorunun minimuma endirilməsi, iş yükünün azaldılması, əsas fəaliyyət göstəricilərinin dəqiq izlənilməsi, həmçinin emissiyalara dair daha dəqiq və beynəlxalq standartlara uyğun hesabatvermənin təmin edilməsi mümkündür. Sözügedən sistem istifadəyə hazır vəziyyətə gətirilmiş və onun səmərəli tətbiqinin təmin edilməsi məqsədilə 2025-ci il ərzində “MRV” istifadəçiləri üçün müvafiq daxili təlimlər təşkil edilib”, - o vurğulayıb.
SOCAR-ın vitse-prezidenti bildirib ki, emissiyaların daha effektiv aşkarlanması sahəsində mühüm nailiyyətlərdən biri də peyk və dron kimi innovativ texnologiyaların istifadəsidir.
“Bu texnologiyaların tətbiqi metan emissiyalarının operativ şəkildə müəyyən edilməsinə, mənbələrin dəqiq müəyyənləşdirilməsinə və vaxtında aradan qaldırılmasına əhəmiyyətli töhfə verir. Bununla əlaqədar olaraq, “Neft-Qaz İqlim Təşəbbüsü” (Oil and Gas Climate Initiative - OGCI) ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın quruda yerləşən fəaliyyət sahələrində peyk əsaslı emissiya ölçmə işləri həyata keçirilib. Bu ölçmələr zamanı “GHGSAT” şirkətinin peyk texnologiyalarından istifadə olunmuşdur. Bundan əlavə 2024-cü ildə “TotalEnergies” şirkəti ilə əməkdaşlıq çərçivəsində dron əsaslı (“Airborne Ultralight Spectrometer for Environmental Applications”-AUSEA) texnologiyanın tətbiqi ilə metan emissiyalarının ölçülməsi əməliyyatlarını həyata keçirdik. “AUSEA”, metan emissiyalarını aşkarlayan, eyni zamanda onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış kiçik ölçülü ikili sensorlardan ibarətdir. Bu dron üzərində quraşdırılmış texnologiya aşkarlanması çətin olan emissiya mənbələrində ölçmələrə imkan verir və yüksək dəqiqliklə nəticələr təqdim edir. Bu sahədə tədqiqatlar “TotalEnergies” şirkətinin Xəzər dənizindəki fəaliyyət sahələrində və SOCAR-ın istehsalat sahələrində davam etdirilib. Bu innovativ və kompleks yanaşma bizə emissiyaların effektiv inventarlaşdırılmasına, həcminin daha dəqiq ölçülməsinə, bu sahədə əsas boşluqları müəyyən etməyə və aradan qaldırmağa imkan verib”, - deyə o əlavə edib.
Ə.İsayev bildirib ki, SOCAR elan etdiyi dekarbonizasiya hədəflərinə çatmaq və istixana qazı emissiyalarının azaldılması sahəsində beynəlxalq tənzimləyici mexanizmlərin tələblərinə proaktiv şəkildə uyğunlaşmaq məqsədilə bir sıra beynəlxalq təşəbbüslər ilə də sıx əməkdaşlıq edir.
“Bunlara “Neft və Qaz Metan Tərəfdaşlığı”nı ("Oil & Gas Methane
Partnership" - OGMP 2.0), “Neft və Qazın Dekarbonizasiyası
Xartiyası”nı ("Oil & Gas Decarbonization Charter"-OGDC),
“Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası”nı (“The
International Association of Oil & Gas Producers” - IOGP), Dünya
Bankının “2030-cu ilə qədər qazın şamda yandırılmasının sıfıra
endirilməsi” (“Zero Routine Flaring by
2030”), “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının
Sürətləndirilməsi” (“Caspian Methane Emissions Accelerator”)
təşəbbüsünü misal göstərmək olar. Bu tərəfdaşlıqlar SOCAR-ın qlobal
miqyasda dayanıqlı inkişaf, enerji keçidi və dekarbonizasiya
sahəsində rolunu daha da gücləndirməklə yanaşı, müxtəlif
platformalarda beynəlxalq neft-qaz şirkətləri ilə birgə mövqeyin
formalaşdırılmasına şərait yaradır. Həyata keçirilən bütün bu
layihələrin əsas məqsədi SOCAR-ın neft-qaz əməliyyatlarında
dekarbonizasiyanı sürətləndirmək, aşağı karbonlu layihələri inkişaf
etdirmək və emissiyaları azaltmaqla şirkətin dekarbonizasiya
hədəflərinə çatmaqdır”, - o vurğulayıb.
Aşağı karbonlu bizneslərin inkişafı istiqamətində bərpa olunan enerji layihələri
Ə.İsayev bildirib ki, neft-qaz əməliyyatları zamanı dekarbonizasiyanı təmin edən əsas fəaliyyətlərdən biri də bərpa olunan enerji mənbələrinin inkişafıdır.
“Bu məqsədlə SOCAR aşağı karbonlu təşəbbüslərin icrasını sürətləndirmək üçün özünün ixtisaslaşmış törəmə şirkəti olan “SOCAR Green” MMC-ni təsis edib. Şirkətin fəaliyyəti bərpa olunan enerji layihələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, habelə "yaşıl hidrogen" təşəbbüslərinin həyata keçirilməsinə yönəlib.
Bərpa olunan enerji sahəsində artıq bir sıra beynəlxalq təşkilatlar ilə uğurlu əməkdaşlıq əlaqələri qurulmuş və bu istiqamətdə layihələrin icrasına başlanılıb.
Bu çərçivədə "Masdar" şirkəti ilə həyata keçirilən Biləsuvar Günəş Elektrik Stansiyası (GES), Bankə GES, Abşeron/Qaradağ Külək Elektrik Stansiyası (KES), həmçinin bp şirkəti ilə birgə icra olunan Şəfəq GES layihələri xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdirilir,” - deyə o bildirib.
SOCAR-ın vitse-prezidenti qeyd edib ki, Biləsuvar GES layihəsi üzrə 2025-ci ilin oktyabr ayında tikinti işlərinə artıq başlanılıb və stansiyanın 2027-ci ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.
“Həmçinin Bankə GES layihəsi üzrə də tikinti işlərinə qısa müddətdə başlanılması nəzərdə tutulur. Abşeron/Qaradağ KES layihəsi də hazırda inkişaf mərhələsindədir və müvafiq işlər həyata keçirilir. Qeyd olunan bu layihələr Azərbaycanın 2030-cu ilədək elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəfinə xidmət edir. Bu layihələrin icrası 1 milyon tona yaxın karbon emissiyasının azaldılması ilə davamlı inkişafa əhəmiyyətli töhfə verəcək. Şəfəq GES layihəsi üzrə 2025-ci ilin 2-ci rübündə Yekun İnvestisiya Qərarı (Final Investment Decision – FID) verilmiş və bir sıra əsas müqavilələr imzalanıb. GES-in 2027-ci ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır”, - o əlavə edib.
Bunlardan başqa, Ə.İsayevin sözlərinə görə, Çin şirkətləri ilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
““China Energy Overseas Investment Co., Ltd”, “China Datang Overseas” şirkətləri ilə birgə müvafiq layihələr icra edilir. “PowerChina Resources” şirkəti ilə günəş elektrik stansiyası layihəsi üzrə “SOCAR Green” MMC, “PowerChina Resources” və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında İcra Müqaviləsi, həmçinin “SOCAR Green” MMC ilə “PowerChina Resources” arasında Səhmdarlar Sazişi imzalanıb və hazırda bu istiqamətdə də müvafiq addımlar atılır.
“China Datang” və “PowerChina Resources” şirkətləri ilə Xəzər dənizinin Azərbaycana mənsub hissəsində külək enerjisi layihəsinin inkişafına dair sözügedən şirkətlərlə “SOCAR Green” MMC və Azərbaycan Respublikası Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində su təsərrüfatı obyektlərinin dekarbonizasiyasını nəzərdə tutan hibrid bərpa olunan enerji layihəsi üzrə Niyyət Razılaşması imzalanıb. Hazırda layihə üzrə beynəlxalq tərəfdaş şirkətlərlə potensial birgə investisiya imkanları da nəzərdən keçirilir. Ümumilikdə, həyata keçirilən və planlaşdırılan layihələr SOCAR-ın aşağı karbonlu biznes portfelinin formalaşdırılmasına, neft-qaz əməliyyatlarının enerji təminatının “yaşıllaşdırılmasına” və ölkənin bərpa olunan enerji üzrə strateji hədəflərinə əhəmiyyətli töhfə verir”, - SOCAR-ın vitse-prezidenti bildirib.
