Bakı.Trend:
Azərbaycan sivilizasiyanın və təhlükəsizliyin “adası”dır.
Trend xəbər verir ki, bunu Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
“Bu, çox mürəkkəb bir dövrdür. Narahat və çətin dönəmdir. Azərbaycanı təbrik etmək olar ki, o, indiki məqamda sivilizasiyanın və təhlükəsizliyin bir növ "adasını" təklif edə bilib”, – deyə Latviyanın sabiq prezidenti bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə dünyada baş verən hadisələr heç də yaxşı məcrada inkişaf etmir, yenidən nifrət alovlandırılır, münaqişələr baş verir.
“Buna görə də cəmiyyətlərin hörmət etdikləri və onların sülhsevər qalmasına imkan verən dəyərlərə sadiq qalmaları xüsusilə vacibdir. Bunlar hər bir vətəndaşa hörmət göstərilən, insanların insan hüquqlarının qorunacağına, qanunun aliliyinə, fikir və din azadlığına arxalana bildiyi cəmiyyətlərdir — zorla qəbul etdirilən teokratiya və ya məcburi ideologiya əvəzinə”, – deyə Latviyanın sabiq prezidenti vurğulayıb.
Vayra Vike-Freyberqa qeyd edib ki, bu çox çətin və gərgin dövrdə forum dünyanın istənilən yerində öz gələcəyi və planetin taleyi ilə bağlı narahat olan sadə insanlara ümid verə biləcək ideyaların irəli sürülməsinə kömək edəcək, həmçinin vəziyyətin yaxşılaşdırılmasına yardım edə biləcək mümkün fəaliyyət yollarını göstərəcək.
