Bakı. Trend:
Qlobal neft ehtiyatlarının ümumi həcmi hazırda 8,2 milyard bareldən çoxdur, bu da 2021-ci ilin fevralından bəri ən yüksək səviyyədir.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
Hesabatda vurğulanıb ki, bu ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrindədir. Qeyd edilib ki, onlardan 1,25 milyard barel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barel isə dövlət öhdəlikləri çərçivəsində saxlanılan sənaye ehtiyatlarıdır: “BEA üzv ölkələri 11 mart tarixində bazara 400 milyon barel fövqəladə ehtiyat buraxmaq barədə razılığa gəldilər. Bu əlavə neft ehtiyatları müxtəlif ölkələrin milli şəraitindən asılı olaraq ehtiyatların bazara çıxarılması və digər tədbirlər vasitəsilə təmin ediləcək”.
“Bu koordinasiya olunmuş ehtiyat buraxılışı bazar üçün mühüm və müsbət rol oynayır. Lakin münaqişə tezliklə həll olunmasa, bu tədbir yalnız müvəqqəti həll hesab olunur. Müharibənin neft və qaz bazarlarına, eləcə də qlobal iqtisadiyyata təsiri yalnız hərbi hücumların intensivliyindən və enerji infrastrukturuna dəyən zərərdən deyil, həm də Hörmüz boğazından gəmi daşımalarının nə qədər müddətə pozulacağından asılı olacaq. Daşımaların bərpası üçün sığorta mexanizmlərinin və gəmilərin fiziki təhlükəsizliyinin təmin edilməsi əsas şərtlərdən biridir və bu, neft bazarı üçün həyati əhəmiyyət daşıyır”, - məlumatda vurğulanıb.
