...

BEA qlobal neft istehlakı proqnozunu azaldıb

Energetika Materials 12 Mart 2026 15:10 (UTC +04:00)
BEA qlobal neft istehlakı proqnozunu azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə geniş miqyaslı uçuş ləğvləri və LPG təchizatında ciddi pozuntular səbəbindən mart və aprel aylarında qlobal neft tələbatının əvvəlki proqnozlarla müqayisədə təxminən gündəlik 1milyon barel azalacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, yüksək neft qiymətləri və qlobal iqtisadiyyat üçün artan risklər də proqnoza mənfi təsir göstərir: “Nəticədə 2026-cı ildə qlobal neft istehlakı əvvəlki ilə nisbətən gündəlik 640 min barel artacaq, bu isə əvvəlki proqnozdan gündəlik 210 min barel azdır.

Neft qiymətləri 28 fevralda ABŞ və İsrailin İrana qarşı birgə hava zərbələri endirməsindən sonra kəskin dəyişkən olub. Regionun neft infrastrukturuna hücumlar və Hörmüz boğazından tanker hərəkətinin dayanması səbəbindən Brent fyuçerslərinin qiyməti, demək olar ki, 120 dollar/barel səviyyəsinə çatdı. Sonradan qiymətlər bir qədər aşağı düşsə də, bu hesabat hazırlanarkən Brent təxminən 92 dollar/barel səviyyəsində idi ki, bu da ay ərzində 20 dollar artım deməkdir”.

BEA-nın ehsabatında billdirilib ki, qlobal neft bazarı Yaxın Şərqdəki müharibənin nəticələri ilə üzləşir: “Regionda enerji infrastrukturuna birbaşa ziyan vurulmasından əlavə, böhran Hörmüz boğazından tanker hərəkətinin, demək olar ki, tam dayanmasına səbəb olub. Hazırda təxminən gündəlik 20 milyon barel həcmində xam neft və məhsul ixracı pozulub və dünyanın ən vacib neft tranzit boğazını alternativ marşrutlarla əvəz etmək üçün imkanlar məhduddur. Bu vəziyyət həm istehsalçılara, həm də istehlakçılara ciddi təsir edir. Müharibə başlayandan bəri benchmark neft qiymətləri 20 dollar/barel artaraq 92 dollar/barel səviyyəsinə çatıb və məhsul bazarlarında artım daha da böyük olub”.

Hesabatda vurğulanır ki, hazırda limanlarda yük yükləyə bilən və ya yükləməyə razı olan gəmilərin sayı çox azdır və daxili anbarlar sürətlə dolur: “ Buna görə region istehsalçıları hasilatı azaltmağa və ya müvəqqəti dayandırmağa məcbur olurlar. Vəziyyət sürətlə dəyişdiyindən və məlumatlar bəzən qeyri-şəffaf olduğundan dəqiq qiymətləndirmə çətindir. Lakin hesablamalara görə xam neft hasilatı ən azı gündəlik 8 milyon barel azaldılıb, əlavə olaraq gündəlik 2 milyon barel kondensat və NGL istehsalı da dayandırılıb. Ən böyük azalmalar İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında müşahidə olunur”.

“Pozuntular yalnız hasilat və ixracla məhdudlaşmır. Bir sıra neft emalı zavodları və qaz emalı müəssisələri hücumlar və təhlükəsizlik səbəbləri ilə bağlanıb. Hörmüz boğazının bağlanması ixrac yönümlü emal zavodlarını da istehsalı azaltmağa və ya tam dayandırmağa məcbur edir, çünki məhsul anbarları dolur. Gündəlik 4 milyon bareldən çox emal gücü risk altındadır. 2025-ci ildə Fars körfəzi ölkələri təxminən gündəlik 3,3 milyon barel emal olunmuş məhsul və gündəlik 1,5 milyon barel LPG ixrac edirdi. Digər regionlarda emalı artırmaq mümkün olsa da, xammal çatışmazlığı əsas məhdudiyyət olacaq. Buna görə bəzi ölkələr artıq neft məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Xüsusilə dizel və aviasiya yanacağı bazarları Yaxın Şərqdən uzunmüddətli təchizat itkilərinə qarşı daha həssas görünür”, - məlumatda qeyd edilib.

Eyni zamanda hesabatda bildirilib ki, Yaxın Şərqdəki böyük hava limanlarında uçuşların dayandırılması və bunun digər regionlardakı tranzit mərkəzlərinə təsiri qlobal aviasiya yanacağı tələbatını azaldıb: “LPG və nafta təchizatının kəskin azalması artıq neft-kimya zavodlarını polimer istehsalını azaltmağa məcbur edir. Bu isə Fars körfəzi petrokimya məhsullarının axınındakı itkiləri daha da artırır. LPG-nin xüsusilə Hindistan və Şərqi Afrikada yemək bişirmə və isitmə üçün istifadəsi də risk altındadır. Ümumilikdə isə yüksək neft qiymətləri və zəifləyən iqtisadi perspektiv bütün neft məhsullarına olan tələbatı azaldır. Bu səbəbdən mart və aprel ayları üçün qlobal neft tələbatı artımı proqnozu orta hesabla gündəlik 1 milyon bareldən çox azaldılıb, 2026-cı il üzrə proqnoz isə gündəlik 210 min barel azaldılaraq gündəlik 640 min barel səviyyəsinə endirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti