Bakı. Trend:
Yaxın Şərqdə baş verən müharibə qlobal neft bazarının tarixində ən böyük təchizat pozuntusunu yaradır. Müharibədən əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barel xam neft və neft məhsulu daşındığı halda, hazırda bu axın, demək olar ki dayanıb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
Qeyd edilib ki, bu kritik su yolunu yan keçmək üçün alternativ marşrutların məhdud olması və ehtiyat anbarlarının dolması səbəbindən Fars körfəzi ölkələri ümumilikdə ən azı gündəlik 10 milyon barel neft hasilatını azaltmalı olub. Vurğulanıb ki, əgər daşımalar tezliklə bərpa olunmasa, təchizat itkilərinin daha da artacağı gözlənilir.
Agentliyin proqnozlarına görə, bu ilin mart ayında qlobal neft təchizatının gündəlik 8 milyon barel azalacaq: “Yaxın Şərqdəki istehsal məhdudiyyətləri qismən OPEC+ ölkələrindən kənar ölkələrin, eləcə də ilin əvvəlində baş verən fasilələrdən sonra Qazaxıstan və Rusiyanın hasilatı artırması ilə kompensasiya ediləcək. Münaqişənin müddəti və tədarük zəncirindəki pozuntuların miqyasından asılı olaraq vəziyyət dəyişə bilər. Bununla belə, hesablamalara görə 2026-cı ildə qlobal neft təchizatı orta hesabla gündəlik 1,1 milyon barel artacaq və bu artımın tamamı qeyri-OPEC+ ölkələrinin payına düşəcək”.
“Münaqişə qlobal neft məhsulları bazarına da ciddi təsir göstərir, çünki Hörmüz boğazından ixrac axınları demək olar ki tam dayanıb. 2025-ci ildə Fars körfəzi ölkələri gündəlik 3,3 milyon barel emal olunmuş neft məhsulları və 1,5 milyon barel mayeləşdirilmiş neft qazı (LPG) ixrac edirdilər. Regionda gündəlik 3 milyon bareldən çox emal gücü artıq hücumlar və ixrac imkanlarının məhdudluğu səbəbindən fəaliyyətini dayandırıb. Digər regionlarda emalın artırılması isə xammal çatışmazlığı səbəbindən məhdud qalacaq”, - məlumatda qeyd edilib.
Hesabatda eyni zamanda bildirilib ki, Beynəlxalq Enerji Agentliyi (BEA) üzv ölkələri 11 mart tarixində yekdilliklə qərara gəldilər ki, Yaxın Şərqdəki müharibə nəticəsində yaranan təchizat problemlərini aradan qaldırmaq üçün fövqəladə ehtiyatlardan bazara 400 milyon barel neft buraxılsın: “Yanvar ayında qlobal müşahidə olunan neft ehtiyatları 8,21 milyard barel təşkil edib ki, bu da 2021-ci ilin fevralından bəri ən yüksək səviyyədir. Bu ehtiyatların təxminən 50%-i əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində, 15%-i Çində, 25%-i dənizdə saxlanılan neftdə, qalan hissəsi isə digər qeyri-OECD ölkələrindədir”.
