Bakı. Trend:
Bu ilin mart və aprel ayları üçün qlobal neft tələbatı artımı proqnozu orta hesabla gündəlik 1 milyon bareldən çox azaldılıb, 2026-cı il üzrə proqnoz isə gündəlik 210 min barel azaldılaraq gündəlik 640 min barel səviyyəsinə endirilib.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
Məlumatda vurğulanıb ki, istehlakçı ölkələrin müvəqqəti təchizat itkilərini kompensasiya etmək üçün əhəmiyyətli neft ehtiyatları mövcuddur: “Qlobal ehtiyatların ümumi həcmi hazırda 8,2 milyard bareldən çoxdur, bu da 2021-ci ilin fevralından bəri ən yüksək səviyyədir. Bu ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrindədir. Onlardan 1,25 milyard barel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barel isə dövlət öhdəlikləri çərçivəsində saxlanılan sənaye ehtiyatlarıdır”.
“Qlobal neft bazarı Yaxın Şərqdəki müharibənin nəticələri ilə üzləşir. Regionda enerji infrastrukturuna birbaşa ziyan vurulmasından əlavə, böhran Hörmüz boğazından tanker hərəkətinin, demək olar ki, tam dayanmasına səbəb olub. Hazırda təxminən gündəlik 20 milyon barel həcmində xam neft və məhsul ixracı pozulub və dünyanın ən vacib neft tranzit boğazını alternativ marşrutlarla əvəz etmək üçün imkanlar məhduddur. Bu vəziyyət həm istehsalçılara, həm də istehlakçılara ciddi təsir edir. Müharibə başlayandan bəri benchmark neft qiymətləri 20 dollar/barel artaraq 92 dollar/barel səviyyəsinə çatıb və məhsul bazarlarında artım daha da böyük olub”, - hesabatda qeyd edilib.
