Bakı. Trend:
Dialoq münaqişələrin region üzrə daha da yayılmasının qarşısını almaq baxımından ən güclü vasitə olaraq qalmaqdadır.
Trend xəbər verir ki, bunu bu gün Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Migel Anxel Moratinos “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Bu gün biz daha yaxşı anlayırıq ki, beynəlxalq vəziyyət son onilliklərdə olduğundan daha qaranlıq və daha həssasdır. Bəşəriyyət misli görünməmiş böhranlar kombinasiyası ilə üz-üzədir: Söhbət süni intellektin bəşəriyyətin gələcəyi üçün ekzistensial nəticələrindən, dərinləşən iqlim böhranından, davam edən aclıq və yoxsulluq və ən əsası artıq adi hal kimi görünən müharibə və zorakı münaqişələrin yayılmasından gedir”, – deyə o bildirib.
Moratinos qeyd edib ki, dialoq münaqişələrin region üzrə daha da yayılmasının qarşısını almaq və etimadı bərpa etmək üçün ən güclü vasitə olaraq qalır.
“Cənubi Qafqaz regionunda son müsbət hadisələr gərgin münaqişə şəraitində belə sülhə doğru irəliləyişin mümkün olduğunu güclü şəkildə xatırladır”, – deyə o bildirib.
