Bakı. Trend:
Qlobal çağırışlar əməkdaşlığı seçim deyil, zərurətə çevirir.
Trend xəbər verir ki, bunu bu gün BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılışında deyib.
“Qlobal çağırışlar əməkdaşlığı seçim deyil, zərurətə çevirir. İqlim dəyişikliyi sürətlənir və bu, sabitliyə olan təhdidləri artırır. İnkişaf səviyyələri arasındakı uçurum və borc problemləri dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində irəliləyişi ləngidir. Eyni zamanda, sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellekt sahəsində baş verən inkişaflar iqtisadiyyatlarımızı və cəmiyyətlərimizi idarəetmə sistemlərinin uyğunlaşa bildiyindən daha sürətlə transformasiya edir”, – deyə o bildirib.
Valovaya qeyd edib ki, Yaxın Şərqdə hərbi əməliyyatların eskalasiyası regional təhlükəsizliyin nə dərəcədə qeyri-sabit olduğunu və böhranların nə qədər tez beynəlxalq sistemə təsir göstərərək sülh və təhlükəsizliyi sarsıda biləcəyini bir daha xatırladır.
