Bakı.Trend:
Qlobal Bakı Forumu beynəlxalq sistemin mürəkkəb çağırışlarla üzləşdiyi bir dövrdə Azərbaycanın açıq və konstruktiv dialoqu təşviq etmək öhdəliyini bir daha təsdiqləyir.
Trend xəbər verir ki, bunu bu gün Kosta Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Dünya artan geosiyasi gərginlik, ciddi iqtisadi qeyri-müəyyənlik və çoxtərəfli institutları təsir altına alan legitimlik böhranı yaşayır. Bu kontekstdə bu gün Azərbaycan və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təqdim olunan platforma əvəzsizdir. Bu, müxtəlif ideoloji, siyasi, iqtisadi və geostrateji baxışlara malik nümayəndələrin ortaq nöqtələr tapa, etimad formalaşdıra və qarşılıqlı faydalı həllər üzərində işləyə biləcəyi bir məkandır”, - deyə o bildirib.
Onun sözlərinə görə, diplomatiya və beynəlxalq hüquqa hörmət hər zaman üstün olmalıdır.
Qamboa qeyd edib ki, Kosta-Rika beynəlxalq hüquqa, insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və mübahisələrin sülh yolu ilə həllinə qəti sadiqdir.
