...

Dövlətin hüquqi şəxslərinin maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək

Cəmiyyət Materials 12 Mart 2026 13:03 (UTC +04:00)
Dövlətin hüquqi şəxslərinin maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində cərimə edilir.

Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunacaq.

Burada “dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti