Bakı. Trend:
Qaydalarının pozulmasına görə inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbi aradan qaldırılacaq.
Trend-in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydalarını tənzimləyən normalarında, barələrində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxslərə sənədlərin çatdırılması öhdəliyi müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qərarın rəsmi verilməsi həmin qərarın verildiyi vaxt hesab olunur. Təklif edilən dəyişiklikdə isə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab olunur.
Bundan başqa qanun layihəsində dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılması da təklif edilir.
Bu da sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.
