Bakı. Trend:
Hindistan Hörmüz boğazından azı 20 tankerin keçidi ilə bağlı İranla danışıqlar aparır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Söhbət, xüsusilə neft və mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerlərdən gedir. Agentliyin qeyd etdiyinə görə, daha əvvəl İranın Hindistan bayrağı altında üzən gəmilərin keçidinə icazə verdiyi barədə məlumatlar yayılmışdı. Lakin adı açıqlanmayan iranlı rəsmi "Bloomberg" agentliyinə bildirib ki, belə bir icazə verilməyib.
Bundan əvvəl "NDTV" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İran Hindistan bayrağı altında üzən iki tanker üçün — "Pushpak" və "Parimal" — Hörmüz boğazından təhlükəsiz keçid təmin edib.
Martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru İbrahim Cəbəri xəbərdarlıq etmişdi ki, dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-nin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları səbəbindən gəmilərin keçidi üçün bağlana bilər.
Martın 5-də isə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz bağlanmayıb, sadəcə gəmilər və tankerlər hər iki tərəfin zərbələrindən ehtiyat etdikləri üçün onu keçməyə cəhd etmirlər.
