Bakı. Trend:
25 noyabr ölkəmizdə Kəlbəcər şəhəri günü kimi qeyd edilir. Bu gün tariximizdə qururlu və şərəfli bir gündür. Azərbaycan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsini bir güllə atmadan işğaldan azad etdi. 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi böyük qəhrəmanlıq, əldə etdiyi tarixi qələbə düşməni Kəlbəcəri öz sahiblərinə qaytarmağa məcbur etdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi.
O qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir:
“İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır”.
Deputat qeyd edib ki, Kəlbəcər Azərbaycanın dilbər rayonlarından biri olmaqla yanaşı təbii sərvətlərlə də zəngindir:
“Digər işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa və yenidənqurma işlədi sürətlə davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Kəlbəcər şəhərində və kəndlərində yaşayış məntəqələrinin tikintisi davam etdirilir, infrastruktur yenidən qurulur. Eyni zamanda Kəlbəcər yaşıl enerji istehsalı baxımımından mühüm əhəmiyyət daşıyır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib”.
Deputat əlavə edib ki, Kəlbəcər müalicə-istirahət və turizm baxımından da əhəmiyyətli ərazidir:
“Rayonda inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən biri olaraq yenidən bərpa ediləcək və insanlarımız dogma yurdlarına geri dönəcəklər”.
