Bakı. Trend:
Meksikanın Miçoakan ştatında turist avtobusunun qəzaya uğraması faciə ilə nəticələnib.
Trend "Red Michoacan"a istinadən xəbər verir ki, hadisə zamanı azı 10 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. Yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir.
Avtobus Uruapandan Tlalpuyaquaya gedərkən Moreliya–Paçkuaro magistral yolunun 23-cü kilometrliyində aşıb. Hadisə yerinə dərhal xilasedicilər və tibb işçiləri cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.
Qəza səbəbindən yolun qeyd olunan hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb. Səlahiyyətlilər sürücülərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edir. Ştat Baş Prokurorluğu hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.
