Bakı.Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yığıncaqda Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni
Azərbaycan Partiyasının ölkəmizin hərtərəfli inkişafına mühüm
töhfələr verdiyini söyləyib. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə
qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam
bərpa olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qazanılan
uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan
məqsədyönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd
Balaqadaşov bildirib ki, 1992-ci il noyabrın 21-də Respublikanın
müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda
keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransı tarixi
əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni
Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya
nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə
çevrilib.
Şəhid anası Bibixanım Mirzəmmədova və digər çıxış edənlər Respublikamızda müxtəlif sahələr üzrə görülən işlər və qazanılan uğurlardan, həmçinin ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının mənəvi dəyərlərə və dövlət mənafelərinə əsaslanan fəaliyyətindən bəhs ediblər.
Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı musiqili proqramla davam edib.