Bakı. Trend:
2024-cü ildə Bakıda öz nümayəndəliyini hüquqi şəxsə çevirdikdən sonra, Almaniyada yerləşən və multimodal daşımalarla, eləcə də təchizat zəncirlərinin idarə olunması ilə məşğul olan beynəlxalq logistika qrupu "Rhenus Logistics" ölkə üzrə bir neçə yeni investisiya layihəsini araşdırmağa başlayıb. Onlardan biri hazırda qiymətləndirmə mərhələsində olan liman logistikasına dair layihədir.
Bu barədə Trend-ə “Rhenus Logistics” şirkətindən məlumat verilib.
"Baxmayaraq ki, bu mərhələdə konkret məlumatlar açıqlanmır, təşəbbüs Rhenus Qrupunun Azərbaycanda multimodal və dəniz əlaqəliliyini gücləndirmək niyyətini əks etdirir. Layihə hazırda analiz mərhələsindədir, yoxlama başa çatdıqdan sonra növbəti addımlar müəyyən ediləcək. Ayrı-ayrı layihələrlə yanaşı, Rhenus dəniz, dəmir yolu və avtomobil nəqliyyatını səmərəli və davamlı şəkildə birləşdirən inteqrə multimodal həllərin hazırlanmasına diqqət yetirir. Buna yüklərin daşınma məntəqələrinin modernləşdirilməsi, yeni depoların yaradılması və gömrük, liman və dəmir yolu proseslərinin rəqəmsal inteqrasiyası daxildir", – deyə şirkətdən bildirilib.
Qeyd edilib ki, "Rhenus Logistics" müştərilər, tərəfdaşlar və dövlət qurumları ilə sıx əməkdaşlıq edir və real tələbat olan sahələrə investisiya yatırır. Uzunmüddətli məqsəd isə Azərbaycanın iqtisadi inkişafına dəstək vermək və Transxəzər dəhlizi boyunca etibarlı və davamlı logistika infrastrukturunun formalaşdırılmasıdır.
"Transxəzər dəhlizi qlobal təchizat zəncirləri üçün strateji diversifikasiya və dayanıqlılıq təmin edir. Bu marşrut Çin, Mərkəzi Asiya və Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən alternativ yol təqdim edir, şimal marşrutlarından asılılığı azaldır və tranzit vaxtının daha proqnozlaşdırıla bilən olmasına şərait yaradır. Bir çox yük göndərən üçün bu, geosiyasi risklərdən asılı olmadan daşımaların davamlılığını təmin etmək üçün mühüm imkandır. Azərbaycan Asiya və Avropa arasında körpü rolunu oynayır. Potensial böyükdür: ölkə artıq effektiv multimodal əlaqələr qurmaq bacarığını sübut edib. Məsələn, Bakıya daxil olan yük dəmir yolu ilə bir neçə saata Gürcüstana, oradan isə Qara dənizə və ya Türkiyəyə çatdırıla bilər ki, bu da şimal marşrutları ilə müqayisədə xeyli vaxt qazandırır", – "Rhenus Logistics"də vurğulanıb.
Qeyd olunub ki, bu effektivlik ticarətin diversifikasiyası və Avrasiyanın logistika dayanıqlığının gücləndirilməsi baxımından dəhlizi daha da cəlbedici edir.
"Lakin marşrut infrastruktur və əməliyyat çətinlikləri ilə də üzləşir. İnfrastrukturun parçalanması və daimi “darboğazlar” bir çox yerdə müasir terminalların, intermodal mərkəzlərin və koordinasiya olunmuş sərhədkeçmə prosedurlarının olmaması xidmət keyfiyyətinin qeyri-sabitliyinə və tranzit vaxtının uzanmasına səbəb ola bilər. Texniki maneələr də qalmaqdadır: dəmir yolu relslərinin standartlarının fərqliliyi, məhdud hərəkət tərkibi və böyük şəhərlər arasındakı məsafələr əməliyyatların planlaşdırılmasını çətinləşdirir. Bundan əlavə, milli normativ aktların, tarif sistemlərinin və administrativ prosedurların müxtəlifliyi də irəliləyişi yavaşladır və daha sıx regional koordinasiya tələb edir. Yük göndərənlərin marşrut boyunca proqnozlaşdırılma və şəffaflığa dair artan gözləntiləri də nəzərə alınmalıdır", – deyə şirkət bildirib.
"Rhenus Logistics"in vurğuladığı kimi, Transxəzər dəhlizinin əsas üstünlükləri əlaqəlilik və diversifikasiyadır.
"Əsas vəzifə bu üstünlükləri tam uyğunlaşdırılmış, etibarlı və iqtisadi cəhətdən rəqabətədavamlı logistika marşrutuna çevirməkdir. Rhenus məhz buna uzunmüddətli investisiyalar, yerli əməkdaşlıq və texniki ekspertiza vasitəsilə nail olmağa çalışır", – deyə şirkət bildirib.
