Bakı. Trend:
Azərbaycan bu gün regionda innovasiya və startap ekosistemi üçün ən əlverişli mühit yaradan ölkələrdən biridir.
Trend xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbəri olduğu qurumun tabeliyində “Enterprise Azerbaijan” portalı tərəfindən keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının “Demo-Day” tədbirində deyib.
O bildirib ki, bu, təkcə indiki dövrün deyil, uzun illər ərzində formalaşmış düşünülmüş inkişaf strategiyasının nəticəsidir:
"Ölkəmiz illərdir ki, böyük infrastruktur layihələrinin
icrasında öz sözünü deyib. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin
uzaqgörən strategiyası nəticəsində 1998-ci ildə “Əsrin
müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycanın enerji
sektorunda böyük dönüş yaratdı. Daha sonra Xəzər dənizinin neft-qaz
ehtiyatlarından istifadəyə dair dərin düşünülmüş siyasət ölkəmizi
enerji ixracatçısı kimi dünyaya tanıtdı.
Qaz təchizatı infrastrukturu sayəsində Azərbaycanın ən böyük enerji
layihələri reallaşdı".
İcraçı direktor vurğulayıb ki, Azərbaycanda son 20 ildə təkcə avtomobil yollarının tikintisi sahəsində görülən işlər nəticəsində 20 min kilometrlik yol infrastrukturu yaradılıb, 1500 kilometrdən çox yeni yol istifadəyə verilib. Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən 9 beynəlxalq nəqliyyat dəhlizindən 3-ü Azərbaycandan keçir: "Bu gün Azərbaycan Xəzər hövzəsində ən böyük logistik imkanlara malik ölkədir və bölgənin ən inkişaf etmiş hava nəqliyyatı infrastrukturuna sahibdir. Bütün bunlar Böyük İpək Yolunda Azərbaycanın rolunu daha da gücləndirməkdədir.
Azərbaycanın uzunmüddətli fəaliyyəti nəticəsində Böyük İpək Yolunun təkcə quru deyil, həm də dəniz marşrutları inkişaf etdirilib. Hazırda biz bu yolun həm ən qısa, həm də ən səmərəli istiqamətinə çevrilmişik".
V. Qasımlı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsi və regionun yaşıl enerji layihələrinə inteqrasiya olunması istiqamətində də ciddi addımlar atılır:
"Beləliklə, son 30 ildə Böyük İpək Yolunun mahiyyəti təkcə karvan yolları ilə deyil, həm də neft, qaz, dəmir yolu, avtomobil yolu, logistika, rəqəmsal infrastruktur və “yaşıl enerji” xəttində genişlənərək tamamilə yeni məzmun alıb.
Bu siyasətin məntiqi davamı olaraq biz Böyük İpək Yolu üzərində texnologiya mərkəzi yaratmaq istiqamətində irəliləyirik. Çünki bizim üçün Böyük İpək Yolu sadəcə ticarət yolu deyil. O, mədəniyyətlərin qovuşduğu, dəyərlərin paylaşıldığı, iqtisadi əməkdaşlıqla yanaşı, mənəvi və sosial əlaqələrin formalaşdığı böyük bir məkandır".
İcraçı direktor qeyd edib ki, bu səbəbdən Böyük İpək Yolu startap ekosistemi üçün ideal platformaya çevrilib:
"Azərbaycanın təşəbbüsü ilə təşkil olunan startap proqramında bu il 130 startap iştirak edir. Onlar müxtəlif mərhələlərdən keçib yarışmalara qatılıblar. Bu dəfə yalnız yerli deyil, Türkiyə, Pakistan və digər ölkələrin startapları da layihədə yer alıblar.
Layihəyə ABŞ-nin Nevada Universiteti, İstanbul Universiteti, Almaniyanın Süni İntellekt Mərkəzi və digər nüfuzlu qurumlar dəstək verir. Bu, təşəbbüsün beynəlxalq səviyyədə nə qədər böyük rezonans doğurduğunu göstərir".
"Bizim inkişaf strategiyamızın qarşısında duran əsas məqsəd iqtisadiyyatın daha dayanıqlı, daha davamlı, innovasiya əsaslı və perspektivli olmasını təmin etməyi hədəfləməkdir. Bunun üçün isə insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bu kontekstdə builki müsabiqədə iştirak edən bütün startapları təbrik etmək istəyirəm. Çünki 130 startap arasından seçilərək ilk 30-a düşmək böyük nailiyyətdir", - o əlavə edib.
