Cəbrayıl. Trend:
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in bölgə müxbiri xəbər verir ki, Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 47 ailə olmaqla, 189 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:46
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Trend-in bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndi bu gün 47 ailə olmaqla 189 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi seyr ediblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
