Bakı. Trend:
Vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir. Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşması, iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hazırda Azərbaycanda büdcə gəlirlərinin hər 100 manatından 44 manatı verginin, 18 manatı isə gömrük rüsumları hesabına formalaşır:
“Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın 78 manatı vergi hesabına formalaşır, Türkiyədə isə hər 100 manatın 86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki, Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə müqayisədə aşağıdır”.
O vurğulayıb ki, hazırda büdcə gəlirlərinin 7.3 milyard manatı vergi və gömrük azadolmalarıdır:
“Onlardan 3.5 milyard manatı gömrük, 3.8 milyard manatı sahibkarlıqla bağlıdır. Bu da təxminən 20%-ə bərabərdir”.
