Bakı.Trend:
Cari ilin fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Milli Aviasiya Akademiyasına ziyarət təşkil edilib. Ziyarətdə 14 ölkənin hərbi attaşelik aparatının 17 nümayəndəsi iştirak edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Biuldirilib ki, əvvəlcə qonaqlara Milli Aviasiya Akademiyasının yaranma tarixi, inkişaf mərhələləri, strukturu və fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
Qeyd olunub ki, ötən əsrin sonlarından fəaliyyətə başlayan Milli Aviasiya Akademiyası ölkəmizin mülki aviasiya sahəsinin ixtisaslı kadrlarla təminatında mühüm rol oynayır. Akademiyada bu gün bakalavriat və magistratura səviyyələrində 3 mindən çox tələbə təhsil alır.
Qonaqlara təhsil ocağında aviasiya sahəsində böyük təcrübəyə
malik peşəkar pilotların, dispetçerlərin, mühəndislərin və
ixtisaslaşmış mütəxəssislərin tədris və təlimlərdə iştirakı barədə
məlumat verilib. Eyni zamanda Akademiyada elmi tədqiqatlar,
mühəndislərin və tələbələrin yaradıcılıq fəaliyyəti haqqında
məlumat təqdim olunub.
Daha sonra hərbi attaşeləri maraqlandıran suallar
cavablandırılıb.
Ziyarət çərçivəsində qonaqlar Akademiyanın Təlim Mərkəzində uçuşları tam imitasiya edən simulyatorların işini müşahidə ediblər. Həmçinin hərbi attaşelər təhsil müəssisəsinin ərazisində, Elm-İstehsalat Birliyində, Aviasiya Tarixi muzeyində, kitabxanada, laboratoriyalarda, idman kompleksində və tədris korpuslarındakı auditoriyalarda olub, tələbələrlə keçirilən tədris prosesini izləyiblər.
Sonda birgə xatirə fotosu çəkilib.
