...

Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2025 16:09 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Mərkəzin açılış tədbirində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava, eləcə də çoxsaylı yerli və beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri iştirak edib.

MDB regionunda ilk olan BTİ Akselerasiya Mərkəzi startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə yaradılıb.

BTİ Akselerasiya Mərkəzi, sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir.

Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və dayanıqlı inkişafı təşviq edir. BTİ Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayır.

Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdıraraq Azərbaycanın regional innovasiya lideri kimi artan mövqeyini gücləndirəcək. Bu strateji tərəfdaşlıq regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.

Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq:

“Mərkəzdə startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirak edə biləcəklər. Bu, onların qlobal bazarlara çıxışını sürətləndirəcək, eyni zamanda qabaqcıl dünya təcrübəsi ilə ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək”.

Qeyd edək ki, Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək. Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün otaqlar, eləcə də təlim və kovörkinq sahəsi mövcuddur.

Xəbər lenti

Xəbər lenti