...

Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib

Siyasət Materials 21 Noyabr 2025 17:11 (UTC +04:00)
Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfi Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib.

Trend Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev arasında keçirilən görüş zamanı bildirilib.

“Söhbət zamanı qeyd olunub ki, 14 noyabr tarixində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə vurulan zərərlə bağlı Azərbaycan tərəfinin müraciəti Rusiya tərəfinin aidiyyəti qurumları tərəfindən diqqətlə araşdırılıb. Rusiya tərəfi baş verənlərlə bağlı səmimi təəssüfünü ifadə edir”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunur.

Xatırladaq ki, 2025-ci il noyabrın 14-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukraynanın paytaxtı Kiyevə endirilən raket-bomba zərbəsi nəticəsində 14 noyabr saat 01:00 radələrində “İskəndər” tipli raketlərdən birinin Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz ifadə olunub və səfirə müvafiq nota təqdim edilib.

Qeyd olunub ki, son partlayış nəticəsində səfirliyin ərazisini əhatə edən hasarın bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti nəqliyyat vasitələri, inzibati bina və konsulluq şöbəsi zədələnib, diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən, hücum nəticəsində itki olmayıb.

Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumları daha əvvəl də baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti