Bakı.Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikasının Ənənəvi Çin Təbabəti Milli Administrasiyasının rəhbərliyi ilə görüşdə Ənənəvi Çin Təbabətinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan və Çin arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb və gələcək əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyəti Pekin Çin Təbabəti Universitetinin
klinikasının fəaliyyəti ilə də tanış olub. Ə.Əliyev adına
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru
professor Nazim Pənahov və Pekin Çin Təbabəti Universitetinin
rektoru Tang Zhishu arasında görüş keçirilib və Anlaşma Memorandumu
imzalanıb.
Daha sonra Pekin Universiteti Tibb Elmləri Mərkəzində keçirilən
görüşdə davamlı tibbi təhsil, elmi tədqiqatlar, rezident və müdavim
mübadiləsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər
birgə işçi qrupunun yaradılması və gələcəkdə əməkdaşlıq
memorandumunun imzalanması barədə razılığa gəliblər.
Pekin Universiteti Xalq Xəstəxanasında keçirilən görüşdə
xəstəxananın səhiyyə idarəçiliyi modeli, tibb xidmətlərinin
təşkilində şaxələnmə mexanizmləri və travmatologiya sahəsi ilə
tanışlıq baş tutub.
Keçirilən görüşlər Azərbaycan və Çin arasında tibbi təhsil, ənənəvi
təbabət və səhiyyənin təşkili sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün yeni imkanlar açır.
