Bakı. Trend:
Alqoritmlər xəbər redaksiyaları üzərində hökmranlıq edir.
Trend xəbər verir ki, bunu bu gün Misirin "Al-Ahram weekly" , Al-Ahram Online" mediasının baş redaktoru Ezzat İbrahim “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu çərçivəsində keçirilən "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" adlı panel müzakirəsində bildirib.
O qeyd edib ki, süni intellektlə bağlı ortaya çıxan çağırışların öhdəsindən gəlmək üçün strukturlaşdırılmış mexanizm lazımdır:
"Yetərincə tənzimləmənin olmaması və süni intellektin nəzarətdən çıxması təhlükəli nəticələrə səbəb ola bilər. KİV sahəsində böyük xaos yarana bilər. Sosial platformaların hökmranlığı gələcəkdə də davam edəcək. Hökumətlər KİV sahəsini əvvəlki kimi tənzimləmək iqtidarında olmayacaq və nəticədə KİV təsisatlarını bir araya gətirmək məcburiyyəti ilə üzləşəcəyik. Bu qaydaların müzakirəsi baxımından yeni mərkəzlərin yaradılması mühüm addım ola bilər. Bu gün alqoritmlər xəbər redaksiyaları üzərində hökmranlıq edir və ictimaiyyət KİV-lərin fəaliyyətindən razı qalmır", – deyə o əlavə edib.
