Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən respublika ərazisində qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri planlı şəkildə həyata keçirilir.
Cari ilin oktyabr ayının əvvəlindən etibarən aparılan monitorinq və mexaniki-kimyəvi mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısını almağa yönəlib.
Trend xəbər verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabr ayından bu günədək 28 rayon, 203 kənd və 5693 məntəqədə qışlama yerlərinin monitorinqi aparılıb. Monitorinq nəticəsində aşkarlanmış zərərvericilərə qarşı 12 rayon və 70 kəndi əhatə edən 1679 məntəqədə ümumilikdə 106 023 fərd üzrə mexaniki mübarizə tədbirləri görülüb.
Bundan əlavə, 6 rayon üzrə 79 kənddə və 1400 məntəqədə kimyəvi mübarizə tədbirləri də həyata keçirilib. AXA əməkdaşları tərəfindən 23 980 nəqliyyat vasitəsində və 17 101 vaqonda dezinfeksiya işləri aparılıb.
Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində maarifləndirmə sahəsində də ciddi addımlar atılıb. Belə ki, 29 rayon və 202 kənddə ümumilikdə 10 624 vətəndaşın iştirakı ilə təlim və maarifləndirmə tədbirləri təşkil olunub.
Qeyd edək ki, bu tədbirlər zərərvericinin yayılmasının qarşısını almaq, kənd təsərrüfatına vurula biləcək ziyanı minimuma endirmək, əhalinin və fermerlərin maarifləndirilməsi məqsədi daşıyır. İştirak edən vətəndaşlara zərərverici ilə mübarizə üsulları barədə ətraflı məlumat verilib.
