Bakı.Trend:
Noyabrın 21-də respublikamızın hakim və avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ili tamam olur. Son dərəcə ağır və gərgin, Azərbaycanın tarixin sınaqlarına məruz qaldığı bir dövrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis olunması dövlətimizin xilasına xidmət edən böyük siyasi hadisəyə çevrildi.
Heydər Əliyevin liderliyi ilə yeni siyasi partiyanın yaranmasına dair təşəbbüslər, 1992-ci ilin oktyabr ayında ziyalıların bununla bağlı Ulu Öndərə müraciət etmələri hakimiyyət orqanlarını narahat edirdi. Həmin dövrdə hakimiyyətdə olanlar Heydər Əliyevə müraciət edən, Naxçıvana Ulu Öndərlə görüşməyə gedən şəxsləri hədəfə götürmüşdülər. Hətta Heydər Əliyevlə bağlı yazıların qəzetlərdə dərc olunmasını da qadağan etmişdilər. Lakin nə qədər əngəllər yaratsalar da, müxtəlif təzyiq metodlarından istifadə etsələr də, təsis konfransının keçirilməsinə maneçilik törətməyə çalışsalar da, YAP-ın yaranmasının qarşısını ala bilmədilər.
1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı YAP-ın yaradılması haqqında qərarı, partiyanın nizamnaməsini və proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
YAP müxalifət partiyası kimi siyasi meydana çıxdı. Lakin YAP bəzi qaragüruh qruplar kimi dövlətə, xalqa və milli maraqlara qarşı müxalifətdə deyildi. YAP o dövrdə respublikamızı uçuruma və xaosa sürükləyən, qanlar bahasına qazanılmış müstəqilliyimizi məhvə aparan avantürist hakimiyyətə qarşı müxalifətdə idi. Təsadüfi deyil ki, yaranmasından qısa müddət sonra partiyanın sıralarında on minlərlə insan birləşmişdi. Bu Ulu Öndər Heydər Əliyevə olan ümumxalq inamının göstəricisi idi.
YAP-ın yaranmasından qısa müddət sonra Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlişi və Azərbaycan Prezidenti seçilməsi xalqımızın Ulu Öndərə olan dərin inam və etimadının təcəssümü kimi tarixə düşdü. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan bütün təhlükələrdən xilas oldu. Respublikamızın uğurlarının fonunda tariximizə ekskurs edəndə bir daha görürük ki, əgər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olmasaydı, daha sonra Ulu Öndər 1993-cü ilin kritik günlərində siyasi hakimiyyətə qayıtmasaydı bugünkü güclü Azərbaycan barəsində də bəhs edə bilməzdik. Prezident İlham Əliyevin 3 il öncə YAP-ın 30 illik yubileyində qeyd etdiyi kimi əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.
Qeyd edək ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə YAP-ın da statusu dəyişdi. Hakim partiyaya çevrilən YAP proqram və nizamnaməsində öz əksini tapan vəzifə və məqsədlərin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət ortaya qoydu, Ulu Öndər Heydər Əliyevin başlatdığı islahatlara, dövlət quruculuğu prosesinə özünün layiqli töhfələrini verdi. YAP respublikamızın siyasi həyatına yeni nəfəs gətirdi, siyasi mübarizənin sivil çərçivədə aparılmasının nümunəsini yaratdı. YAP öz fəaliyyəti ilə azərbaycançılıq ideyasının möhkəmlənməsinə xidmət etdi, cəmiyyətimizdə milli həmrəyliyin güclənməsinə layiqli töhfələr verdi.
2003-cü ilin oktyabr ayında, Prezident seçkilərindən öncə Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev demişdi:
«Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək».
2003-cü ilin seçkilərində İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi YAP-a etimadın növbəti təcəssümü kimi tarixə düşdü. Ötən 22 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyət Azərbaycanın sosial-iqtisadi inkişafını, həm də YAP-ın nüfuzunu artırıb, siyasi-ictimai dayaqlarını daha da möhkəmləndirib. Bütün bunların nəticəsi kimi YAP üzvlərinin sayı da ildən ilə artıb. Bu gün YAP öz sıralarında 744 min nəfərdən artıq vətəndaşımızı birləşdirir. Azərbaycanın ən böyük siyasi təşkilatı olan YAP həm də beynəlxalq səviyyədə respublikamızı layiqincə təmsil edir.
Qeyd edək ki, YAP-ın bütün qurultayları partiya fəaliyyətində yeni mərhələnin əsasını qoyub. YAP-ın qurultayları həm də yalnız partiya daxilində deyil, ölkəmizin siyasi həyatında mühüm hadisyə çevrilib. Hər bir qurultayda qarşıya qoyulan vəzifələrin icrası müzakirə edilib, yeni qərarlar qəbul olunub Bu sırada 2005-ci ilin mart ayında keçirilən III qurultayda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi nəinki YAP üzvləri, bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan hadisə oldu. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi YAP-ın fəaliyyətində yeni uğurlarla müşayiət olundu.
Onu da xüsusi vurğulamalıyıq ki, respublikamızda 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə YAP-ın namizədləri qalib gəliblər. Bu siyasi reallıq da YAP-ın Azərbaycan cəmiyyətindəki böyük nüfuzundan, partiyanın siyasi-ideoloji xəttinin xalqımız tərəfindən dəstəklənməsindən xəbər verir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil:
«Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. 1990-cı illərin əvvəllərində isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur».
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti öz tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. Çünki artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Ermənistanın təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş soydaşlarımız da öz doğma evlərinə qayıdırlar. Bütün bunlar xalqımızın arzularının həyata vəsiqə alması, o cümlədən YAP-ın bəyan etdiyi məqsədlərin reallaşmasıdır.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin də geridə qalan dövrünün reallıqları göstərir ki, Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmiz yeni inkişaf göstəricilərinə imza atır, yeni uğurlarını dünyaya təqdim edir. Hər zaman siyasi proseslərin önündə olan YAP tariximizin yeni mərhələsində də fəallıq nümayiş etdirir, ictimai-siyasi proseslərə layiqli töhfələr verir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı