Bakı.Trend:
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.
Müzakirələr zamanı 2023-cü ildə Bağdad şəhərində imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb.
Görüşün yekununda qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
