Bakı.Trend:
Xəbər verdiyimiz kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"də bədbəxt hadisə baş verib. Belə ki, sözügüdən hotelin işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Trend-in məlumatına görə, hadisə baş verən "Lake Hotel"in mühafizəçisi Əliağa Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər.
“Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxunub və nəticədə bədbəxt hadisə baş verib”, - deyə hotel əməkdaşı əlavə edib.
