Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Braziliyadan gətirilən müəyyən kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin endirilməsi ilə bağlı sərəncam imzalayıb.
Trend xəbər verir ki, həmin sərəncam Ağ Evin rəsmi saytında dərc olunub.
Amerika prezidenti bildirib ki, əvvəl tətbiq etdiyi və məhsulun dəyərinə uyğun hesablanan əlavə gömrük rüsumlarının şamil olunduğu malların siyahısına dəyişiklik edilməsini məqsədəuyğun sayıb.
Trampın sözlərinə görə, artıq bu tariflər Braziliyadan gətirilən “bir sıra kənd təsərrüfatı məhsullarına” tətbiq olunmayacaq. O, həmin məhsulların siyahısını açıqlamayıb.
Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki, tariflərin aşağı salınması qərarı ABŞ-la Braziliya arasında ticarət sahəsində aparılan danışıqların uğurla başlaması ilə bağlıdır.
Bundan əlavə, Tramp noyabrın 14-də başqa bir sərəncam imzalayıb. Həmin sənədə görə, ABŞ meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, çay və mal ətinin bir çox növlərini əvvəlki gömrük rüsumlarının siyahısından çıxarıb. “The New York Times”ın məlumatında bildirilir ki, bu addım ölkədə ərzaq qiymətlərinin artması ilə əlaqələndirilir.