Bakı. Trend:
2025-ci ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna neft idxalı 921 419 tona çatıb və əvvəlki ilin müvafiq dövründəki 62 581 tonla müqayisədə təxminən 15 dəfə artıb.
Trend-in Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsi (EPDK) tərəfindən dərc olunan məlumatlara istinadən xəbərinə görə, STAR NEZ-nin istehsal göstəriciləri də kəskin artım nümayiş etdirib.
Dizel yanacağının istehsalı 2024-cü ilin sentyabrında qeydə alınmış 46 397 tonla müqayisədə 11 dəfədən çox artaraq 526 976 tona yüksəlib. Aviasiya yanacağının istehsalı isə ötən ilin 20 699 tonundan 8 dəfədən çox artaraq 173 428 tona çatıb. Mayeləşdirilmiş neft qazının istehsalı 2 310 tonla müqayisədə 11 dəfədən çox artaraq 26 010 ton təşkil edib. Nafta istehsalı da 2024-cü ilin eyni dövründəki 11 956 tonla müqayisədə demək olar ki, 11 dəfə artaraq 129 725 tona yüksəlib. Ələlxüsus, neft koksunun istehsalında isə yüksək artım qeydə alınıb: 2025-ci ilin sentyabrında 60 450 ton təşkil edən bu göstərici, 2024-cü ilin həmin ayında qeydə alınan həcmdən 14 dəfədən çoxdur.
Bundan əlavə, 2025-ci ilin sentyabrında zavod 3 179 ton ağır vakum qazoylu və 4 224 ton yüksək kükürdlü dizel yanacağı istehsal edib. Ötən ilin sentyabrında isə bu məhsullar istehsal olunmamışdı.
Xatırladaq ki, 5 sentyabr 2024-cü il tarixindən etibarən STAR NEZ-də bütün avadanlıqların texniki xidməti və modernizasiya işlərinin aparılması məqsədilə iki aylıq planlı profilaktik fasilə tətbiq edilmişdi.
STAR NEZ-in istehsal gücünün artırılmasına yönəlmiş texniki xidmət çərçivəsində nəzərdə tutulmuş işlər uğurla başa çatdırılıb.
