...

AİB Biləcəri-Yalama sahəsində dəmiryolu infrastrukturunun modernləşdirilməsi layihəsini nəzərdən keçirir

İqtisadiyyat Materials 21 Noyabr 2025 10:26 (UTC +04:00)
AİB Biləcəri-Yalama sahəsində dəmiryolu infrastrukturunun modernləşdirilməsi layihəsini nəzərdən keçirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan şimal–cənub nəqliyyat dəhlizinin əsas hissələrindən biri olan Biləcəri-Yalama sahəsində dəmiryolu infrastrukturunun modernləşdirilməsi üzrə layihəni nəzərdən keçirir.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

AİB-in məlumatına əsasən, layihə bütün sahə boyunca müasir elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya (EST) sistemlərinin quraşdırılmasını nəzərdə tutur.

“Xüsusilə, dayaqların və əlaqə şəbəkəsinin montajı, yarımstansiyaların tikintisi, kabel xətlərinin çəkilməsi, yolların və stansiyaların yeni siqnal avadanlıqları ilə təchiz edilməsi, eləcə də müasir telekommunikasiya həllərinin - fiber-optik və simsiz şəbəkələrin, rabitə qurğularının və bort elektronikasının tətbiqi planlaşdırılır.

Biləcəri–Yalama sahəsi “Azərbaycan Dəmir Yolları”nın əsas ixrac-idxal və tranzit yükdaşımalarının keçdiyi mühüm marşrutlardan biridir. Layihə enerji baxımından səmərəli, təhlükəsiz və fasiləsiz dəmir yolu əməliyyatlarının təmin edilməsinə yönəlib.

Layihənin maliyyələşdirilməsi AİB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və hökumət tərəfindən həyata keçiriləcək.

Azərbaycan hökuməti AİB-dən ümumilikdə 1 milyard ABŞ dolları məbləğində çoxməqsədli tranşlı maliyyələşdirmə mexanizminin (Multitranche Financing Facility) təqdim edilməsini istəyib və layihənin AİİB ilə birgə maliyyələşdirmə çərçivəsində icrası üzrə AİB-in aparıcı agentlik kimi çıxış etməsini təklif edib”, -məlumatda qeyd olunur.

Qeyd edilir ki, layihə Azərbaycanın dəmir yolu nəqliyyatının dayanıqlı inkişafı məqsədlərinə uyğun gəlir və həm şərq–qərb, həm də şimal–cənub istiqamətləri üzrə daşımaların səmərəliliyinin artırılmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti