Bakı.Trend:
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov "Dubay Aviaşou - 2025" aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq
şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya,
qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və
kosmik tədqiqatlarla tanış olub.
Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər
keçirilir, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər
müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ilk dəfə olaraq ölkəmizi stendlə təmsil edib.
