...

Bakıda D-8 Media Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Noyabr 2025 10:11 (UTC +04:00)
Bakıda D-8 Media Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-yə yaxın qonaq iştirak edib.

Forumda çıxış edən D-8 təşkilatının baş katibi İsiaka Əbdülqadir İmam bildirib ki, D-8 təşkilatına üzv olduqdan sonra Azərbaycan qısa müddət ərzində qeyri-adi təşəbbüslər həyata keçirib.

O, belə mötəbər təşkilata qoşulduğu üçün Azərbaycan hökumətinə təşəkkür edib..

"Azərbaycan bu təşkilata qoşulması bizim işlərimizdə müsbət dəyişikliklərə səbəb olub. D-8 təşkilatına üzv olan ölkələrin nümayəndələrinin tədbirə göstərdiyi böyük maraq məndə xoş təəssurat yaradır. Biz təkcə iqtisadi deyil, media və kommunikasiya sahələrində də əməkdaşlığı davam etdirmək niyyətindəyik. Regionumuz üçün bu məsələr böyük əhəmiyyət kəsb edir. Bu təşkilat öz mövqeyini daha da gücləndirməkidir. Çalışırıq ki, KİV-lərin nüfuzunu və təsir gücünü artırmağı hədəfləyirik. Dialoq, qərəzsiz məlumat paylaşımı və ortaq dəyərlərə sadiq qalmaq bizim üçün önəmlidir. D-8 ölkələrin radio və televiziya sahəsində ortaq yayım mərkəzi yaratmaq istəyirik. Eyni zamanda jurnalistika məktəblərinin yaradılması, burda təhsil alan tələbələrə təqaüd təyin edilməsini istəyirik",- deyə baş katib əlavə edib.

Daha sonra Pakistanın Federal İnformasiya və Yayım Naziri Attaullah Tarar qeyd edib ki, elektron KİV-lərdən rəqəmsal mediaya keçid özbaşına baş verdi.

Onun sözlərinə görə, rəqəmsal media bu gün sürətlə inkişaf edir: "Z" nəslinə sosial KİV və şəbəkələrdən düzgün istifadə qaydalarını izah edə bilmək əsas məsələdir. Səhv məlumat əhalinin etibarını zədələyir və onları yanlış istiqamətlərə yönəldir. Yayım şirkətlərində peşəkarlar çalışmalıdır, şirkətlər müasir avadanlıqlarla təmin edilməlidir. Dezinformasiyanın qarşısını almaq üçün əhalini maarifləndirməliyik".

"Bu gün burada Bakı Bəyannaməsi qəbul ediləcək və bu, bizim yol xəritəmizi formalaşdıracaq. Təklif edirəm ki, sosial media və şəbəkələr baxımından da ortaq təşəbbüs həyata keçirək. Bu, ölkələrimizdə yaşayan insanlar üçün vahid bir platformanın yaradılmasına xidmət edəcək. Belə bir platforma İslamofobiya ilə mübarizə üçün çox əhəmiyyətli ola bilər. Onlayn məkanda nifrət nitqləri, ekstremist mövqeli şəxslər və təşkilatlarla mübarizə də əsas məsələlərdən biri olmalıdır", – nazir əlavə edib.

Öz növbəsində İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə müşaviri Agustaviano Sofjan əlavə edib ki, 2026-2027-ci illər üzrə D-8 Forumuna ev sahibliyi İndoneziya edəcək.

O qeyd edib ki, etik və müstəqil jurnalistika ictimaiyyətdə inamın formalaşmasının əsas şərtidir.

"Faktların yoxlanılması, dezinformasiyanın qarşısının alınması üçün erkən xəbərdarlıq mərkəzinin yaradılması, milli-mədəni dəyərlərə sadiqliyin qorunması, süni intellektdən düzgün və məqsədyönlü istifadənin mediada təmin edilməsi, həmçinin mübadilə proqramlarının dəstəklənməsi vacib məsələlərdir. D-8 Media Forumu birgə fəaliyyət üçün güclü platformadır. Üzv dövlətlər burada təcrübə mübadiləsindən, birgə strategiya və təşəbbüslərdən əhəmiyyətli fayda əldə edə bilər. 2026–2027-ci illər üzrə D-8 Forumuna ev sahibliyi İndoneziya edəcək. Biz də öz növbəmizdə ortaq işə töhfə verməyə çalışacağıq", - o əlavə edib.

Nigeriyanın İnformasiya və Milli Oriyentasiya naziri Məhəmməd İdris Malaginin Foruma ünvanladığı nitqində deyilib ki, KİV sahəsində gəncləri əhatə edən savadlılıq proqramlarının həyata keçirilməsi vacib məsələlərdən biridir.

Qeyd edilir ki, dayanıqlı həll yolları yerlərdəki mövcud reallıqlardan irəli gəlir: "Öz aramızda belə bir ekosistemin yaradılması vacibdir. D-8 təşkilatına üzv ölkələrin ümumi ÜDM-i 8 trilyon dollara bərabərdir. KİV sahəsində əməkdaşlıq və rəqəmsal islahatlar baxımından D-8 bizə böyük fayda verib. Nigeriyada UNESCO-nun ikinci dərəcəli media savadlılığı institutunu yaratmışıq və bu sahədə təcrübəmizi bölüşməyə hazırıq. Bizdə yüz milyondan çox insan rəqəmsal platformalardan istifadə edir. Gənc məzmun yaradıcıları artıq ölkənin ÜDM-inə töhfə verməkdədir".

"Dezinformasiya ilə mübarizə ilə yanaşı, KİV sahəsində gəncləri əhatə edən savadlılıq proqramlarının həyata keçirilməsi də vacibdir. Təqaüd proqramlarının təşkili, xəbər redaksiyaları arasında əməkdaşlıq çox əhəmiyyətlidir. Nigeriya dialoqlara açıqdır, ortaq innovasiyaları birləşdirərək regionda stabilliyin qorunması və media sahəsində əməkdaşlıq əsas məsələdir", – nazirin nitqində vurğulanıb.

D-8 Media Forumu çərçivəsində “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzusunda ikinci panel sessiyasında isə Malayziya Milli Xəbər Agentliyinin Kommersiya Departamentinin rəhbəri Mastura Hassan, Nigeriyanın informasiya və milli istiqamət nazirinin tədqiqat və strategiya üzrə köməkçisi Saidu Ahmed, Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar isə spiker qismində çıxış edərək dövlət qurumlarının kommunikasiya strategiyalarının yenilənən informasiya mühiti ilə uyğunlaşdırılması barədə fikirlərini bölüşüblər.

Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb müzakirələr zamanı Pakistanın Bakıda Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünə dəstək verdiyini qeyd edib.

Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar çıxışı zamanı bildirib ki, Türkiyə Media Mükəmməllik Mərkəzi üçün qiymətləndirmə, monitorinq, böhran hallarının idarə edilməsi kimi tövsiyyələr verə bilər.

Panel sessiya zamanı iştirakçılar böhran vəziyyətlərində operativ, şəffaf və dəqiq məlumatlandırmanın ictimai etimadın qorunmasındakı rolunu vurğulayıblar.

Sonda Bakı Bəyənnaməsi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti