Bakı. Trend:
Müzakirəyə çıxarılan bu genişmiqyaslı qanun layihəsi dövlət idarəçiliyinin müxtəlif sahələrində uzun illər yaranmış normativ parçalanmanı aradan qaldırmaq və sistemin ümumi effektivliyini yüksəltmək məqsədi daşıyır. Layihədə edilən hər bir dəyişiklik konkret sahəyə ölçülə bilən təsir göstərəcək.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, vergi güzəştləri əbədi tətbiq edilə bilməz:
“Ümumiyyətlə, güzəştlərin fəlsəfəsində onun konkret sahəsinin inkişafına xidmət etməsi dayanır. Bu, sosial xarakterli bir aksiya deyil. Hər hansı sosial xarakterli aksiya həyata keçirilirsə, dövlət özünün sosial siyasəti çərçivəsində və ya konkret şəxsə dəstək və yardımı göstərir və göstərə bilər. Vergi güzəştlərinin məqsədi konkret sahə üzrə aparılan islahatlar çərçivəsində bilavasitə həmin sahənin inkişafına nail olmaqdan ibarətdir. Ayrı-ayrı regionlar üzrə həyata keçiriləndə də həmin regionun spesifikliyi, konkret sahə nəzərə alınmalıdır və dövlət proqramları çərçivəsində konkret hansı sahənin hansı regionda inkişaf etdirilməsinə ehtiyacın olduğunu müəyyənləşdirib həmin sahəyə uyğun olaraq da vergi güzəştləri tətbiq olunmalıdır. Belə olduğu təqdirdə, şübhəsiz ki, konkret sahənin inkişafına səbəb olur, əks təqdirdə isə, motivasiya rolunu oynamır, ələbaxımlıq yaradır və sahibkarı dövlətdən asılı vəziyyətə salır”.
Deputat bildirib ki, Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklər iqtisadiyyatımızda şəffaflığın artırılması istiqamətində mühüm addımdır:
“Son illərdə aparılan islahatlar nəticəsində kölgə iqtisadiyyatının payı 2015-ci illə müqayisədə təxminən iki dəfə azalıb, lakin potensial tam istifadə olunmayıb. Nağdsız hesablaşmaların daha geniş tətbiqi dövriyyənin şəffaflığını artıracaq, gömrük dərəcələrinin hesablanmasında hüquqi qeyri-müəyyənlikləri aradan qaldıracaq və sahibkarlar üçün daha sabit iqtisadi mühit formalaşdıracaq. Praktik təsiri isə ondan ibarətdir ki, vergi daxilolmalarında əlavə 3–5 faiz artım potensialı yaranır və bu artım birbaşa sosial proqramların maliyyələşdirilməsinə yönələ bilər.
Son illərdə ölkədə nağdsız ödənişlərin həcmi 10 dəfədən çox artıb. Lakin qanunvericilikdəki boşluqlar bu dinamikanın davamlılığını müəyyən qədər məhdudlaşdırırdı. Dəyişikliklər nağdsız hesablaşmalarda nəzarəti gücləndirir, əməliyyat xərclərini azaldır və bank sektorunda likvidliyi artırır. Bu isə həm sahibkarlar, həm vətəndaşlar, həm də dövlət üçün əlavə iqtisadi fayda deməkdir.
Layihənin ən strateji hissələrindən biri də hüquqi mühitdə harmoniyanın yaradılmasına xidmət edən dəyişikliklərdir. Uzun illər müxtəlif qanunlarda eyni anlayışlara fərqli təriflərin verilməsi, eyni mexanizmlərin müxtəlif qaydalarla tətbiqi hüquqi ziddiyyətlərə və icra prosesində ləngimələrə səbəb olurdu. Bu paket həmin ziddiyyətləri aradan qaldırır və qanunların tətbiqində vahidlik təmin edir. Nəticədə dövlət proqramlarının icrası daha koordinasiyalı olacaq, vətəndaşların hüquqlarının qorunması isə daha aydın normativ çərçivəyə əsaslanacaq.
Bu qanun paketi həm sosial, həm iqtisadi, həm də institusional sahədə sistemli modernləşməni nəzərdə tutur. Onun qəbul edilməsi ilə 350 mindən çox vətəndaşın tibbi təminatı hüquqi cəhətdən gücləndiriləcək, dövlətin sığorta xərclərinin proqnozlaşdırılması daha dəqiq olacaq, kölgə iqtisadiyyatına qarşı mübarizə güclənəcək, büdcə gəlirlərinin artım potensialı genişlənəcək və dövlət idarəçiliyi vahid, çevik, müasir hüquqi çərçivədə fəaliyyət göstərəcək.
Bu səbəbdən layihənin birinci oxunuşda qəbul olunması ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına tam uyğundur və tam əsaslıdır”.
