...

Bu ilin sonunadək daha bir neçə ali təhsil müəssisəsində innovasiya mərkəzi yaradılacaq - Fərid Osmanov

Cəmiyyət Materials 21 Noyabr 2025 16:31 (UTC +04:00)
Bu ilin sonunadək daha bir neçə ali təhsil müəssisəsində innovasiya mərkəzi yaradılacaq - Fərid Osmanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunadək daha bir neçə ali təhsil müəssisəsində innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İH-nin sədri Fərid Osmanov bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində “Enterprise Azerbaijan” portalı tərəfindən keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının “Demo-Day” tədbirində deyib.

O bildirib ki, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti ölkədə rəqəmsallaşma və innovasiya sahəsində aparılan işlərin təmin edilməsinə, eləcə də bu istiqamətdə vahid strategiyanın həyata keçirilməsinə yönəlib:

"Bu fəaliyyətlərin başlıca məqsədləri vətəndaş cəmiyyətinin rifahını yüksəltmək, biznes proseslərinin effektivliyini və dayanıqlığını artırmaq, həmçinin dövlət xidmətlərinin əlçatanlığını və proseslərin çevikliyini təmin etməkdir.

Texnologiyada sürətli inkişaf müşahidə olunduğundan, süni intellekt həlləri və rəqəmsal həllərin geniş yayılması artıq seçim deyil, zərurət kimi qəbul olunur".

F. Osmanov vurğulayıb ki, hazırda Bakı şəhərində, eləcə də Sumqayıt üzrə universitetlərdə və ölkənin bir sıra digər ali təhsil müəssisələrində innovasiya məkanlarının yaradılması istiqamətində işlər görülür:

"Bu məkanlar dövlət qurumları, akademik institutlar, startaplar və biznes subyektlərinin bir araya gəlməsi üçün platforma rolunu oynayır.

İlin sonunadək digər ali təhsil müəssisələrində də innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.
Məqsədimiz odur ki, innovasiya düşüncəsi geniş yayılsın və bu istiqamətdə ekosistemin inkişafı üçün tələb olunan mühit formalaşdırılsın. Universitetlərlə əməkdaşlıq, birgə layihələrin icrası və yeni təşəbbüslərin dəstəklənməsi bu işin mühüm hissəsidir.

Əsas məqsədimiz innovasiya düşüncəsinin cəmiyyətdə möhkəmləndirilməsi, gənclərin və startapların bu prosesə fəal şəkildə cəlb olunması və ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsidir. Düşünürəm ki, ali təhsil müəssisələri ilə qurulan əməkdaşlıq və yaradılan bu birgə platformalar qarşıya qoyulan hədəflərə çatmağa ciddi töhfə verəcək".

"Özəl sektorla əməkdaşlıq çərçivəsində 3 vençur fondunun yaradılması təmin edilib. Eyni zamanda 30-dan artıq startapa dəstək göstərilmişdir.

Bu əlaqənin, kommunikasiyanın qurulması, eyni zamanda nəinki Azərbaycanda, həmçinin xarici bazarlara çıxışın təmin edilməsi də çox vacibdir", - deyə F. Osmanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti