Bakı. Trend:
2020-ci il Vətən müharibəsi regionun siyasi-coğrafi reallıqlarında fundamental dəyişiklik yaratdı və Azərbaycan Qarabağ və Şərqi Zəngəzur üzərində tam suverenliyini bərpa edərək yeni tarixi mərhələyə postmünaqişə quruculuğu və reinteqrasiya dövrünə daxil oldu. Son beş il ərzində dövlət siyasətinin əsas istiqamətini təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, bərpa və yenidənqurma, məcburi köçkünlərin geri qayıtması və regionun tam iqtisadi inteqrasiyası təşkil edir.

Bu dövr Azərbaycanın milli inkişaf konsepsiyasında yeni ideoloji xətt “Böyük Qayıdış”, “Ağıllı kənd”, “Yaşıl enerji zonası” kimi strateji prioritetlərin formalaşması ilə səciyyələnir. 2020-ci il müharibəsi Cənubi Qafqazda güc balansını dəyişdi və Azərbaycan regionun aparıcı hərbi-siyasi aktoruna çevrildi.
![]()
2023-cü ilin sentyabr antiterror tədbirləri ilə Azərbaycan ərazisində separatçılıq tam aradan qaldırıldı və ölkənin konstitusion bütövlüyü bərpa olundu.
44 günlük müharibədən sonra Prezident İlham Əliyevin rəhbərliyi
ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının
gerçəkləşdirilməsinə başlanıldı. Bu proqram Azərbaycanın
postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı strateji
dövlət layihəsidir və məqsədi Qarabağ və Şərqi Zəngəzurun tam
bərpası, bölgənin sosial-iqtisadi canlandırılması, məcburi
köçkünlərin doğma yurdlarına mərhələli, təhlükəsiz və ləyaqətli
şəkildə qayıdışını təmin etməkdir. “Böyük Qayıdış” təkcə
infrastrukturun yenidən qurulması deyil, həm də insanların
həyatının bərpası, regionun uzun illər davam etmiş dağıntılardan
çıxarılması və Azərbaycanın vahid milli inkişaf modelinə
inteqrasiyası deməkdir.

Proqram çərçivəsində yollar, körpülər, kommunikasiyalar, su və
enerji xətləri, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri
sürətlə inşa edilir.
Beş il əslində böyük rəqəm deyil. Lakin azad edilmiş ərazilərimizdə bu illər ərzində görülən işlərin miqyasına nəzər salsaq necə böyük işlərin görüldüyünün şahidi olarıq.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569
tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini
qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.
Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real
nəticələr verdiyi və artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi
Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının
təsdiqləndiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin
Baş planlarının işlənilmə mərhələsində olduğu diqqətə
çatdırılıb.
“Böyük Qayıdış” Proqramının həyata keçirilməsi üçün ən vacib ilkin
şərt işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış
hərbi sursatlardan təmizlənməsidir. Çünki mina təhlükəsi təkcə
insanların həyatı üçün birbaşa risk yaratmır, həm də regionun
bərpasını, iqtisadi layihələrin icrasını, infrastruktur
quruculuğunu və məcburi köçkünlərin geri qayıdışını ləngidən əsas
maneələrdən biridir. Lakin Azərbaycan hökuməti müharibə bitən kimi
ərazilərimizi minalardan və partlamamış hərbi sursatlardan
təmizlənməsi işilərinə başladı.
Beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu proses bərpa və yenidənqurma layihələrinin başlanması üçün əsas hüquqi-texniki zəmini yaradır.

Beş il ərzində azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanı istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i isə qismən icra edilib.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub.
Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9
viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə
bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün
inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi
Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik
yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000
kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri
çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin
olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil
müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində
Qarabağ Universiteti fəaliyyətə başlayıb.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
iqtisadi dirçəlişi Azərbaycan dövlətinin qarşısında dayanan ən
mühüm strateji vəzifələrdən biridir. Bu ərazilərin 30 ilə yaxın
davam etmiş dağıntı və talandan sonra qısa müddətdə sürətli inkişaf
xəttinə çıxarılması dövlətin planlı, ardıcıl və çoxşaxəli
siyasətinin nəticəsidir.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Dirçəliş prosesi yalnız fiziki bərpa yox, həm də yeni iqtisadi modelin qurulması, regionun ölkə iqtisadiyyatına reinteqrasiyası və uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması deməkdir.
Görülən işlər artıq real nəticələr doğurur. Hazırda dövlət və özəl sektorlarda çalışanlar, təhsil alanlar və müxtəlif sahələrdə fəaliyyət göstərənlər daxil olmaqla, bölgədə 62 mindən çox insanın yaşaması regionun sosial-iqtisadi canlanmasının bariz göstəricisidir.
Zəngəzur dəhlizində avtomobil və dəmir yolu xətlərinin inşası bu bölgənin strateji əhəmiyyətini bir daha önə çıxarır.

Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsü, Horadiz–Ağbənd yolunun İranla bağlantısı və gömrük infrastrukturunun yaradılması barədə məlumatlar göstərir ki, bu dəhliz təkcə Azərbaycanın daxili iqtisadi inkişafına deyil, həm də regionun geosiyasi və ticarət xəritəsinə ciddi təsir göstərəcək. Dəhlizin formalaşması ölkəmizi yeni qlobal tranzit mərkəzinə çevirə biləcək strateji üstünlüklər yaradır.
Bir sözlə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf layihələri Azərbaycan dövlətinin strateji iradəsini və uzunmüddətli milli inkişaf vizyonunu əyani şəkildə nümayiş etdirir.
