...

Azərbaycan vergi sisteminin təkmilləşdirilməsi idxaldan asılılığı azaltmağa əlavə imkanlar yaradacaq – Soltan Məmmədov

Cəmiyyət Materials 21 Noyabr 2025 13:05 (UTC +04:00)
Azərbaycan vergi sisteminin təkmilləşdirilməsi idxaldan asılılığı azaltmağa əlavə imkanlar yaradacaq – Soltan Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlarda dəyişikliklər investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarətinin təkmilləşdirilməsindən ibarət. Məqsəd vergi inzibatçılığını sadələşdirmək, biznes mühitini yaxşılaşdırmaq və qeyri-neft sektorunun inkişafını daha güclü şəkildə stimullaşdırmaqdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, 2025-ci ilin məlumatlarına əsasən, vergi-gömrük güzəştləri və azadolmaları 7,7 milyard manat olub. Bu proqnozlaşdırılan büdcə gəlirlərinin 20 faizini əhatə edir:

“Təklif olunan qanun layihəsi ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirməyə imkan yaradacaq. Dəyişikliklər vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılmasını nəzərdə tutulur. Nağdsız əməliyyatların genişləndirilməsi, üfüqi monitorinq sisteminin tətbiqi və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərdir”.

Deputat vurğulayıb ki, təklif olunan dəyişikliklər sırasında nağdsız əməliyyatların stimullaşdırılması və şəffaflığın təmin edilməsi də nəzərdə tutulur:

“ƏDV üzrə məcburi qeydiyyat limitinin 400 min manata qaldırılması və ictimai iaşədə nağdsız dövriyyəyə tətbiq olunan vergi güzəştləri həm sahibkarlar üçün əlavə imkanlar yaradır, həm də vətəndaşların mənafelərinə xidmət edir. “ƏDV geri al” sisteminin uğurlu tətbiqi vergi daxilomlalarının həcminin artmasına təkan verən amillərdən biridir”.

Parlamentari əlavə edib ki, digər mühüm istiqamət biznesin dəstəklənməsidir:

“Dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı, sənaye, ictimai iaşə və “yaşıl iqtisadiyyat” sahələri üçün yeni vergi güzəştləri təqdim edilir. Bu, həm yerli investisiyanın artmasına, həm də idxaldan asılılığın azalmasına xidmət edəcək”.

Soltan Məmmədov əlavə edib ki, layihə büdcə gəlirlərinin daha dayanıqlı və proqnozlaşdırılan şəkildə formalaşması baxımından xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, vergi sisteminin təkmilləşdirilməsi daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmağa əlavə imkanlar yaradacaq. Çünki bu təkliflərin əsas məqsədi vergi sistemini daha səmərəli, şəffaf və biznes üçün əlçatan olmasına nail olmaqdır.

Milli Məclisin üzvü qeyd edib ki, icbari tibbi sığortanın uğurlu tətbiqi üçün qanunvericilikdə davamlı dəyişikliklər zəruridir.

“Təklif olunan dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi, sığortalıların dairəsinin və icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləğlərinin dəqiqləşdirilməsi, eyni zamanda ədalətli tibbi xidmətin təmin olunmasına imkan yaradır. Təklif olunan qanun layihəsindəki dəyişiklik eyni zamanda qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortaolunanların müəyyən olunması, həmin kateqoriyaya daxil olan insanların icbari sığortadan faydalanması üçün tələb olunan sığorta haqlarının ödənilməsi mexanizmini müəyyən edir. Qanun dəyişikliyi sığortanın ana xətti olan həmrəklik prinsipini əsas tutaraq İcbari Tibbi Sığorta Fondunun daha da genişləndirilməsi və müvafiq olaraq xidmətlər zərfinə daxil olan tibbi müdaxilələrin sayının artırılmasına xidmət edəcək”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti