Bakı. Trend:
“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyinin ikigünlük səyyar oftalmoloji aksiyası Xocalıda
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məluma yayıb.
Bildirilir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-21 noyabr tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xocalı rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Tibbi aksiyada ümumilikdə 160-a yaxın sakin oftalmoloji müayinədən keçib.
Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və
maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.