Bakı. Trend:
Türkiyə Media Mükəmməllik Mərkəzi üçün qiymətləndirmə, monitorinq, böhran hallarında idarəetmə üzrə tövsiyələr verə bilər.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar D-8 Media Forumu çərçivəsində keçirilən "Strateji kommunikasiya və böhranın idarə olunması" adlı panel sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyədə kommunikasiya dövlət idarəçiliyində aparıcı mövqelərdən birini tutur:
"Terrorla mübarizə, təbii fəlakətlər, ölkəmizin ətrafında baş verən Rusiya-Ukrayna müharibəsi kimi məsələlər böhran vəziyyətləridir. Bizdə məlumatlara yönəlmiş model ətrafında fəaliyyət həyata keçirilir. Bütün aidiyyatı qurumların vahid kommunikasiya ətrafında birləşməsinə çalışırıq. Böhran vəziyyətlərində də işi bu cür qurmaq hədəfimizdir. Ssenari əsaslı planlar qurulur, ölkəmizin ətrafında kommunikasiya kanallarını nəzərdən qaçırmamağa çalışırıq. Bunlardan biri də süni intellektdir. Biz də saxta informasiyalarla üzləşirik. Bunlara cavab vermək üçün bizim strukturlaşdırılmış strategiyamız var. Məlumat axınını şəffaf qaydada təmin etmək üçün əlimizdən gələni edirik. Şəbəkə vasitəsilə baş verən hadisələrə qarşı müntəzəm məlumat toplamaqla vəziyyəti nəzərdə saxlamağa, toplanan məlumatı aidiyyatı qurumlara ötürməyə çalışırıq".
"Bölgədə yaranan böhran vəziyyətlərində isə digər ölkələrlə kommunikasiyada olmağa çalışırıq. AFAD təsisatımız təbii fəlakətin fəsadlarına qarşı tədbirlər aparır. NATO ölkəsi olaraq tərəfdaşlarla birlikdə cavab tədbiri görməyə çalışırıq", - deyə Bora Bayraktar əlavə edib.
