...

Azərbaycan bankçılığı yeni mərhələyə qədəm qoyur: rəqəmsal transformasiya, açıq model və kibertəhlükəsizlik

İqtisadiyyat Materials 21 Noyabr 2025 14:14 (UTC +04:00)
Azərbaycan bankçılığı yeni mərhələyə qədəm qoyur: rəqəmsal transformasiya, açıq model və kibertəhlükəsizlik
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə Azərbaycan bankçılığı sürətli dəyişikliklər yaşayır. Rəqəmsal texnologiyaların qəbul edilməsi, süni intellektin tətbiqi, açıq bankçılıq infrastrukturu və artan kibertəhlükə fonunda sektorun strateji prioritetləri yenidən müəyyənləşir. Bu gələcəyin konturlarını isə ən aydın şəkildə Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda görmək mümkün oldu. Forum bank sektorunun həm regionda, həm də Azərbaycanda hansı istiqamətə doğru inkişaf etdiyini göstərən mühüm platformaya çevrildi.

Rəqəmsal bankçılığın sürəti artır

Bu gün bank filialına getmək artıq çoxları üçün seçim deyil, alternativdir. Mobil tətbiqlər, onlayn xidmətlər, süni intellektlə gücləndirilmiş əməliyyatlar bank xidmətlərinin əsas xətlərini müəyyənləşdirir. Forumda çıxış edən Türkiyə Banklar Assosiasiyasının sədri Alpaslan Çakar bankçılığın gələcəyini belə təsvir edib: “Süni intellekt qaçınılmazdır… Bankçılığın yaxın illərdəki əsas yanacağı verilənlər olacaq”.

Onun bu fikri rəqəmsal bankçılığın sadəcə əlçatanlıq məsələsi deyil, həm də daha ağıllı, daha çevik, daha proqnozlaşdırıcı bir sistem yaratmaq demək olduğunu göstərir. Banklar artıq yalnız əməliyyat aparan qurum kimi çıxış etmir, müştəri davranışını oxuyan, ehtiyacları öncədən təhlil edən texnoloji mərkəzlərə çevrilirlər.

Polşanın maliyyə sektorunu təmsil edən nümayəndə, Polşa Banklar Assosiasiyasının rəsmisi Rafal Sokolovski isə rəqəmsallaşmanın Avropadakı tendensiyalarla üst-üstə düşdüyünü vurğulayıb: “Bankçılıqda innovasiyanın sürəti bütün regionu dəyişir. Polşada rəqəmsal ödənişlərin payı rekord səviyyəyə çatıb və Azərbaycan da eyni istiqamətdə çox sürətli addımlar atır”.

Onun sözlərinə görə, Azərbaycanın ani ödəniş sistemləri, mobil bankçılıq və rəqəmsal xidmətlər üzrə atdığı addımlar modern Avropa maliyyə modelinə uyğun formalaşır.

Nümayəndələrin vurğuladığı kimi, yaxın illərdə bankların böyük bir hissəsi müştəri sorğularını süni intellekt (AI) əsaslı sistemlərə etibar edəcək. Bu da həm xidmət sürətini artırır, həm də xərcləri minimuma endirir.

Açıq bankçılıq: sərhədləri aşan çeviklik

Azərbaycan üçün açıq bankçılıq hazırda ən çox müzakirə olunan yeni modeldir. Bu model bankların, finteklərin və digər maliyyə təşkilatlarının vahid platformada işləməsinə, məlumatların müştəri icazəsi ilə təhlükəsiz paylaşılmasına imkan yaradır. Forumda AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov açıq bankçılıq istiqamətində görülən işləri belə şərh etdi: “Vahid standartlardan əlavə, vahid infrastruktur da yaradılıb ki, bütün təşkilatlar bu infrastruktur üzərindən açıq bankçılıq xidmətlərindən istifadə edə bilsinlər”.

Onun sözlərinə görə, AMB-nin üzərində işlədiyi “texniki sandbox” mexanizmi startapların sintetik məlumatlar üzərində təhlükəsiz şəkildə innovasiyalarını sınaqdan keçirməsinə imkan verəcək.

“Mənfi ssenarilər olmadan innovasiyanın test edilməsi daha dayanıqlı nəticələr verəcək”,- S. Həsənov əlavə edib.

Tənzimləyici qurum rəsmisinin sözlərini ümumiləşdirsək, açıq bankçılıq modeli Azərbaycanın maliyyə ekosistemində rəqabəti gücləndirə, yeni məhsulların yaranmasına şərait yarada və müştərilər üçün daha çevik, daha geniş xidmət çeşidi təklif edə bilər.

Təhlükəsizlik: rəqəmsallaşmanın kölgəsində böyüyən məsuliyyət

Rəqəmsal xidmətlərin genişlənməsi yeni bir məsuliyyət - güclü kibermüdafiə sistemini tələb edir. Artıq bankların prioritetləri arasında yalnız xidmətin sürəti və rahatlığı yox, həm də təhlükəsizliyin yüksək səviyyədə saxlanılması dayanır.

“Mastercard”ın kibertəhlükəsizlik üzrə rəhbərlərindən olan Reşat Kökçən forumda diqqətəçarpan məqama toxundu: “Azərbaycana yönələn hücumların böyük hissəsi xaricdən gəlir… Biz qlobal təhdid kəşfiyyatımızı burada daha aktiv tətbiq etməyə başlayırıq”.

Bu açıqlama təsadüfi deyil. Çünki Azərbaycan artıq regional rəqəmsal ödəniş mərkəzinə çevrilir. Bu isə təbii olaraq ölkəni fokus nöqtəsinə çevirir.

Kökçən həmçinin şirkətin Azərbaycanda yerli kibertəhlükəsizlik qrupunun formalaşdırılmasına hazırlaşdığını bildirib. Bu isə ölkədə təhlükəsizlik bacarıqlarının lokallaşdırılması baxımından mühüm addımdır.

Digər tərəfdən, forumda çıxış edən AMB mütəxəssisi Elvin Cüvarov banklara yönəlmiş fırıldaqçılıq risklərinin əsas mənbəyini açıqlayıb: “Rəqəmsal fırıldaqçılığın böyük hissəsi – 80-90 faizi – müştərilərin manipulyasiyası yolu ilə baş verir…”

Bu rəqəm bizə göstərir ki, bankların texniki müdafiəsi güclənsə də, insan faktoru mürəkkəb problem olaraq qalır. Bu isə həm bankların, həm də müştərilərin davamlı maariflənməsini tələb edir.

Onun fikrincə, bu sahədə standartların gücləndirilməsi, autentifikasiya proseslərinin təkmilləşdirilməsi və banklar arasında məlumat mübadiləsinin artırılması vacibdir.

Regionun bankçılıq inteqrasiyası: bir-birini tamamlayan bazarlar

Forum yalnız daxili tendensiyaları göstərmədi, eyni zamanda region ölkələrinin bir-biri ilə daha sıx inteqrasiya olunduğunu da ortaya qoydu. Forumda yalnız Azərbaycan deyil, regionun digər ölkələri də bankçılığın gələcəyi ilə bağlı öz perspektivlərini bölüşdülər.

Gürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq Layihəsinin CEO-su Mixeil Kapanadze iki ölkə arasında bank sektorunda əməkdaşlığın genişlənə biləcəyini vurğuladı: “Azərbaycanla açıq infrastruktur və innovasiya üzrə əməkdaşlıq üçün geniş potensial görürük”.

Region ölkələrin bank sektoru nümayəndələrinin fikirləri bir tendensiya açıq göstərir: Cənubi Qafqaz və Mərkəzi Avropa bankları rəqəmsal ödənişlər, identifikasiya sistemləri və açıq API-lər üzrə eyni istiqamətdə hərəkət edir. Bu isə yeni regional maliyyə xəritəsinin formalaşması deməkdir.

Nəticə etibarilə, Azərbaycan bankçılığının yeni dövrün astanasında olduğunu deyə bilərik. Bu dövrün əsas dayaqları isə süni intellekt, açıq bankçılıq və kibertəhlükəsizlikdir. IX Beynəlxalq Bankçılıq Forumu göstərdi ki, ölkənin maliyyə sektoru bu dəyişikliklərə təkcə uyğunlaşmır, həm də aktiv şəkildə liderlik etməyə hazırlaşır. Əgər bu strategiyalar ardıcıl şəkildə davam etdirilərsə, yaxın illərdə Azərbaycan bankçılığı daha çevik, daha ağıllı və daha təhlükəsiz maliyyə ekosisteminə çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti