...

Baytarlıq sahəsinin rəqəmsallaşdırılması istiqamətində işlər görülür - Sərdar Hacıyev

Cəmiyyət Materials 20 Noyabr 2025 18:06 (UTC +04:00)
Baytarlıq sahəsinin rəqəmsallaşdırılması istiqamətində işlər görülür - Sərdar Hacıyev

Bakı. Trend:

Müasir baytarlıq elmi və aqrar xidmətlərin inkişafı diaqnostika, profilaktika və müalicə proseslərinin daha dəqiq, daha operativ və maksimal effektivliklə həyata keçirilməsinə imkan yaradır. Bu inkişaf xüsusilə heyvandarlığın dayanıqlı inkişafı və heyvan sağlamlığının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” konfransında bildirib.

Agentlik sədri qeyd edib ki, respublika üzrə baytarlıq xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır:

“Müasir dövrdə xəstəliklərə yanaşma təkcə müalicə ilə məhdudlaşmır – risklərin erkən aşkarlanması, təsərrüfatların biotəhlükəsizlik səviyyəsinin artırılması, epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi əsas hədəflərimiz sırasındadır. Hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, kadr potensialının gücləndirilməsi və baytar mütəxəssislərin peşə bacarıqlarının artırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.”

S. Hacıyev görülən işlərin regionlarda, xüsusilə də ucqar kəndlərdə operativ xidmət göstərmək, xəstəliklərin vaxtında aşkarlanmasını təmin etmək və təsərrüfatlarda biotəhlükəsizliyi daha da gücləndirmək baxımından böyük əhəmiyyət daşıyacağını qeyd edib.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və “Bayramlı Group” MMC-nin birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti