Bakı. Trend:
2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılan islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, islahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əməkhaqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.
“2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur.
Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaq. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək”, - deyə A.Əmiraslanov əlavə edib.
