Bakı. Trend:
Ümumilikdə 2026-cı ildə İSF vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilmişdir. 2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir.
Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-i təşkil edəcəkdir.
Növbəti ildə İSF-nin vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaqdır.
