Bakı.Trend:
Azərbaycanda son dövrlərdə balıq məhsullarının bazar qiymətlərində həm istehlakçıların, həm də sahə nümayəndələrinin diqqət mərkəzindədir. Qiymətlərin formalaşmasında fəsillər üzrə təklifin dəyişməsi, daxili istehsalın həcmi, idxal olunan məhsulların maya dəyəri və logistika xərcləri əsas rol oynayır. Bazar iştirakçıları bildirirlər ki, bu amillərin təsiri nəticəsində bəzi balıq növlərinin qiymətində artım, digərlərində isə nisbi sabitlik müşahidə olunur. Məsələ həm daxili tələbatın ödənilməsi, həm də ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bəs, hazırda müxtəlif balıq növləri üzrə bazarda qiymətlər necədir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında ixtoloq Niyazi Heybətov bildirib ki, ölkədə iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi balıq satışına təsir etməyib.
O qeyd edib ki, göl balıqlarına 18% vergi tətbiq olunduqdan sonra yerində 4-5 manata satılan balıqlar mağazalara 6-8 manata paylanılır:
"Sazan və belamur kimi balıq növlərində neçə illərdir ki, qiymət artımı müşahidə olunmur. Şəmkir, Qax, Oğuz, Şəki, Quba və Qusar rayonlarında farel balıqları yetişdirilir. Farelin 100 qramlıq körpə balığı 2 manata satılır. Farelin 1 kiloqramadək böyüməsi üçün 1,2% yem tələb olunur. Yemin 1 kilosunun qiyməti 3 manat 50 qəpikdir. Beləliklə, farel balığının kilosu 9-10 manata başa gəlir. Bu növ balığın satışında da artım müşahidə olunmur".
N.Heybətov əlavə edib ki, hazırda ən bahalı balıqlar sırasında nərə xüsusilə qeyd edilməlidir:
"Dəniz nərəsi hazırda xeyli bahadır. Ümumilikdə, dəniz balıqlarının qiyməti digərləri ilə müqayisədə bir qədər baha olur. Qapalı su təchizatlarında saxlanılan nərə cinsli balıqlarının qiymətlərində isə artım müşahidə edilmir".
O vurğulayıb ki, Azərbaycana İrandan, Norveçdən, Rusiyadan müxtəlif növ balıqlar idxal edilir.
"İrandan gətirilən balıqların qiyməti ucuzdur. Hazırda İrandan kütüm, farel, nərə, bölgə (beluqa) balıqları idxal edilir. Hazırda dənizdə xəşəm və kütüm balıqları xeyli azalıb.
Xəşəmin bir kilosu 22 manatdan satılır. Sazan, belamur, çəki kimi göl balıqlarının qiyməti yerində 3 manata, mağazalarda isə bundan 2-3 manat baha satılır. Xəzər sularında nərə balığının ovlanması hazırda qadağandır. Bazarlarda bu balığı nadirən görmək olar. Onun da 1 kilosunun qiyməti 100-110 manatdan başlayır”,- deyə o əlavə edib.
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, ölkədə balıq qiymətlərindəki artımın bir neçə əsas səbəbi var.
"Bu səbəblər arasında ötən ilin ikinci yarısından idxal olunan balıq və dəniz məhsullarına gömrük rüsumunun tətbiqi də yer alır. Bu məhsullara 15% gömrük rüsumu tətbiq edilməsi ötən illə müqayisədə balıq qiymətlərinin yüksəlməsinə səbəb olub. Gömrük rüsumu idxal olunan məhsulun üzərinə əlavə olunur və yerli balıq satıcıları da qiyməti artırmalı olurlar", – deyə ekspert vurğulayıb.
