Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə büdcə layihəsi qarşıdakı il üçün sosial öhdəliklərin icrasını təmin edir və dövlətimizin sosial siyasətinin əsas istiqamətlərinin maliyyə təminatı baxımından sabitliyini nümayiş etdirir. Sistemin orta və uzunmüddətli dövrdə dayanıqlığını möhkəmləndirmək üçün diqqət yetirilməli bir sıra vacib sahələr var. Bu sahələrdə vaxtında müvafiq addımların atılması gələcəkdə sosial müdafiə mexanizmlərinin həm maliyyə, həm idarəetmə, həm də sosial ədalət baxımından daha etibarlı qurulmasına töhfə verə bilər.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Millət vəkili vurğulayıb ki, sosial sığorta sisteminin fəlsəfi mahiyyətinin özünümaliyyələşmə prinsipinə əsaslandığını nəzərə alsaq, Fondun dövlət transfertlərindən asılılığının azaldılması mühüm irəliləyişdir.
“Bununla yanaşı qeyri-büdcə sektorunda sığorta ödənişlərinin daha da artırılması, kölgə məşğulluğun azaldılması və uçot sistemlərinin tam şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsi mühüm əhəmiyyətə malikdir”.
Deputatın sözlərinə görə, özəl pensiya fondları təkcə özəl sektor üçün yeni imkanların tanınması anlamına gəlmir, bu fondlar həm də alternativlərin verilməsi, vətəndaşlara seçim imkanlarının tanınması deməkdir:
"Dövlət digər funksional məsələlərdə olduğu kimi bu sahədə də inhisarçı kimi çıxış etməli deyil, rəqabət üçün imkanlar yaratmalıdır".
Parlamentari əlavə edib ki, demoqrafik meyllər və əhalinin yaş kateqoriyaları arasında baş verən dəyişikliklər pensiya sisteminin uzunmüddətli tarazlığına təsir göstərən önəmli faktordur. Əmək qabiliyyətli əhali ilə pensiyaçılar arasındakı nisbətin dəyişməsi isə gələcək illərdə sistemin yükünü artıra bilər. Bu səbəbdən, demoqrafik risklərin qabaqcadan hesaba alınması, uzunmüddətli proqnozlaşdırma modellərinin hazırlanması və qərarların bu çərçivədə verilməsi də mühüm əhəmiyyət kəsb edir:
“Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində isə normativ-hüquqi, təşkilati və funksional çatışmazlıqların yaratdığı sistemli ziddiyyətlər, təəssüf ki, hələ də qalmaqdadır və bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən daha dərin struktur uyğunsuzluqlardan qaynaqlanır.
Əlillik qiymətləndirməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən fundamental ziddiyyətlərdən biridir. Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilməsinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmasına gətirib çıxarır.
Əlilliyin qiymətləndirməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu da qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir. Bəzi anlayışların, xüsusilə də funksional itki dərəcəsi, davamlı fəsad, iş qabiliyyətinin məhdudluğu kimi kriteriyaların tətbiqində vahid yanaşmanın olmaması subyektiv şərhlərə meydan yaradır.
Vətəndaşla ünsiyyət mexanizmlərinin yüksək səviyyədə olmaması, qərarların mahiyyətinin yetərincə və anlaşılan bir şəkildə izah edilməməsi, eləcə də apellyasiya mexanizmlərinin səmərəli çalışmaması bir sıra hallarda inamsızlığa yol açır. Əlilliyin qiymətləndirməsində islahatlar, yalnız sosial müdafiə sahəsini deyil, səhiyyəni, informasiya idarəçiliyini, əmək bazarını və hüquqi-normativ çərçivəni əhatə etməli, geniş institusional dəyişikliklərlə müşayiət olunmalıdır”.
E.Mirzəbəyli əlavə edib ki, həm sosial müdafiə, həm də əlilliyin qiymətləndirməsi sahəsində daha çevik, şəffaf və real iqtisadi-sosial şəraitə uyğunlaşdırılmış idarəetmə modelinə ehtiyac duyulduğu açıq şəkildə görünür.
“Bu gün təqdim olunan büdcə layihəsi növbəti il üçün öhdəlikləri təmin etsə də, dövlətimizin sosial siyasətinin uzunmüddətli davamlılığı üçün struktur islahatlarının aparılması qaçılmazdır. Bu islahatlar dövlətin sosial öhdəliklərinin daha dayanıqlı şəkildə icrasına, vətəndaş məmnunluğunun artmasına xidmət edəcək. Ümid edirəm ki, qeyd olunan istiqamətlərdə islahatların davam etdirilməsi nəzərdə tutulur”, - deyə o fikrini yekunlaşdırıb.
